Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb
Paris, 30 oktyabr, AZƏRTAC
Fransada qarın yırtığı əməliyyatlarında istifadə edilən sintetik protezlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Aktyor Arno Denisin Belçikada evtanaziya olunmasından sonra bu implantlarla bağlı uzunmüddətli və dözülməz ağrılar yaşayan xəstələrin şikayətləri daha geniş ictimaiyyətin diqqətini cəlb edib.
AZƏRTAC xəbər verir ki, “Radio France”nin araşdırmasına görə, son 10 ildə Fransada 2,6 milyon insan qarın yırtığı əməliyyatı keçirib. Hər il təxminən 250 min belə əməliyyat aparılır. Xəstələrin bir qismi əməliyyatdan sonra davamlı ağrı, həzm və cinsi sağlamlıq problemləri, eləcə də gündəlik həyat fəaliyyətində ciddi məhdudiyyətlərlə üzləşdiklərini bildirirlər.
2023-cü ildə özünün də ağrılardan əziyyət çəkdiyini açıqlayan aktyor Arno Denis bu problemlə üzləşən xəstələrin səsini ictimaiyyətə çatdırmaq üçün feysbuk qrupu yaratmışdı. O, 2026-cı il sentyabrın 22-də 43 yaşında Belçikada evtanaziya olunub. Onun ölümü protezlərin mümkün fəsadları və xəstələrin əməliyyatdan əvvəl kifayət qədər məlumatlandırılması məsələsini yenidən gündəmə gətirib.
Fransanın səhiyyə qurumları isə bildirir ki, protezlərdən beynəlxalq tibbi tövsiyələrə əsasən istifadə edilir.
Dərman və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi üzrə Milli Agentlik (ANSM) bu tibbi vasitələrlə bağlı nəzarəti gücləndirib. 2025-ci ildə implantlarla əlaqədar daxil olan şikayətlərin sayı əvvəlki illə müqayisədə dörd dəfə artıb. Bununla belə, agentlik tərəfindən qeydə alınan müraciətlərin sayının real fəsadları tam əks etdirmədiyi bildirilir.
Fransanın Səhiyyə Baş İdarəsi hazırda konkret implant və ya istehsalçı ilə bağlı xüsusi riskin təsdiqlənmədiyini bildirərək, araşdırmaların davam etdiyini vurğulayır.