“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
“Dostluq körpüsü” layihəsi uşaqlarda empatiya, qarşılıqlı münasibət və sosial məsuliyyət hissinin formalaşmasına, onların birgə fəaliyyət vasitəsilə sosiallaşmasına töhfə verib.
AZƏRTAC xəbər verir ki, bunu sosial xidmət müəssisəsinin rəhbəri Mətanət Bağırqızı ADA Məktəbi ilə birgə həyata keçirilən “Dostluq körpüsü” layihəsinin təqdimatı zamanı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, layihənin əsas məqsədi uşaqlar arasında dostluq münasibətlərinin qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir. M.Bağırqızının sözlərinə görə, dostluq körpüsü cansız əşyaların deyil, insanların qurduğu münasibətlərin təcəssümüdür. Layihə çərçivəsində uşaqlar empatiya qurmağı, birgə əmək fəaliyyətini, paylaşmağı və birlikdə sevinməyi öyrəniblər. Layihə uşaqların sosiallaşması baxımından mühüm əhəmiyyət daşıyıb. Onların gündəlik sosial mühiti kiçik görünsə də, bu cür təşəbbüslər vasitəsilə daha geniş ünsiyyət və qarşılıqlı münasibətlər dünyasına çıxış imkanı yaranıb.
M.Bağırqızı diqqətə çatdırıb ki, layihənin nəticəsi olaraq uşaqların hiss və düşüncələrini əks etdirən hekayələrdən ibarət kitab hazırlanıb. Təqdimatı keçirilən nəşrdə uşaqların öz duyğularını və yaşadıqları təcrübələri yaradıcı şəkildə ifadə etmələri öz əksini tapıb. O vurğulayıb ki, kitab uşaqların birgə fəaliyyətinin, qazandıqları təcrübənin və qurduqları dostluq münasibətlərinin mühüm nəticəsidir.