Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH
Bakı, 30 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi Azərbaycanın dövlətçilik fəlsəfəsini, milli birliyin əsaslarını və beynəlxalq münasibətlərə yanaşmasını əks etdirən mühüm mesajlarla yadda qaldı. Çıxışda azərbaycançılıq ideologiyası, ideoloji təhlükəsizlik, beynəlxalq hüquq və Azərbaycanın sülh quruculuğundakı rolu əsas istiqamətlər kimi önə çıxdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Azərbaycançılıq ideologiyasının milli birliyimizin və dövlətçiliyimizin təməli olduğunu vurğulayan deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsaslarını formalaşdırdığı bu ideologiya müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşları vahid dövlətçilik və milli kimlik ətrafında birləşdirir. Azərbaycanın Qafqaz Albaniyasından başlayaraq müxtəlif dövlətçilik mərhələlərini əhatə edən zəngin tarixi və müasir multikulturalizm təcrübəsi bu birliyin mühüm əsaslarıdır. Azərbaycançılıq fərqləri aradan qaldırmaq deyil, onları ümumi Vətən və vətəndaşlıq dəyərləri ətrafında uzlaşdırmaq deməkdir.
V.İskəndərov qeyd edib ki, müasir dövrdə milli birliyin qorunması ideoloji təhlükəsizliklə birbaşa bağlıdır. Dövlətlərin müstəqilliyinə təhdidlər artıq yalnız hərbi müdaxilə ilə məhdudlaşmır, informasiya və ideoloji təsir vasitələri də ciddi risklər yaradır. Prezidentin digər dövlətlərə Azərbaycanın daxili məsələləri ilə bağlı dərs verməyə çalışanlara ünvanladığı mesajın mahiyyəti qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipidir. Dövlətlərin münasibətləri təzyiq və ikili standartlar deyil, bərabərhüquqlu dialoq əsasında qurulmalıdır.
“Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsi də Prezidentin çıxışının əsas mövzularındandır. Ermənistanın təcavüzü və Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması fonunda beynəlxalq sistemin ciddi problemlərini üzə çıxardı. Azərbaycanın öz gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, ardınca sülh gündəliyini irəli sürməsi mühüm tarixi təcrübədir. Bu təcrübə göstərir ki, davamlı sülh üçün beynəlxalq hüquqa hörmət, qarşılıqlı suverenliyin tanınması və siyasi iradə vacibdir. Beynəlxalq təşkilatların nüfuzu isə qəbul edilən qərarların kağız üzərində qalması ilə deyil, onların icrası ilə müəyyən olunur.
Son 35 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, artan iqtisadi və siyasi potensialı, beynəlxalq təşəbbüslərdə fəal iştirakı ölkəmizin nüfuzunu gücləndirib. Bakının müxtəlif dinləri, mədəniyyətləri və siyasi platformaları bir araya gətirən mərkəzə çevrilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin göstəricisidir. İslam Əməkdaşlıq Təşkilatı və Avropa Siyasi Birliyi çərçivəsində nəzərdə tutulan yüksək səviyyəli tədbirlər də ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını və təşkilatçılıq potensialını nümayiş etdirir”, - deyə deputat vurğulayıb.
O hesab edir ki, Azərbaycanın beynəlxalq mövqeyinin əsasını milli həmrəylik, suverenliyin qorunması, beynəlxalq hüquqa hörmət və sülhə yönəlmiş siyasət təşkil edir. Güclü dövlətçilik yalnız iqtisadi və hərbi imkanlarla deyil, milli ideoloji birlik, müstəqil siyasi mövqe və beynəlxalq əməkdaşlığa verilən töhfələrlə də ölçülür.