Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat
Bakı, 30 oktyabr, AZƏRTAC
Meyvə və tərəvəzlərin qabıqları, gövdələri və toxumları əksər hallarda məişət tullantısı kimi atılır. Lakin yeni elmi araşdırma göstərib ki, bu hissələr düşündüyümüzdən daha çox qida dəyərinə malikdir və gündəlik qida rasionunda istifadə olunması həm insan sağlamlığına, həm də ətraf mühitə müsbət təsir göstərə bilər. London Kral Kollecinin alimləri tərəfindən aparılan və “Beynəlxalq qida elmləri və qidalanma” jurnalında dərc olunan tədqiqatda Böyük Britaniyada geniş istifadə edilən 12 növ meyvə və tərəvəz araşdırılıb. Nəticələr göstərib ki, 12 məhsuldan 10-nun, adətən, atılan hissələri istehlak olunan əsas hissələri ilə müqayisədə daha çox qida lifi ehtiva edir.
AZƏRTAC xəbər verir ki, tədqiqat zamanı qarpız, balqabaq, ananas, brokoli, kivi və bolqar bibəri kimi məhsulların qabıqları, toxumları və gövdələri təhlil edilib. Məlum olub ki, 100 qram qarpız qabığında 2,10, balqabağın qabığında və toxumlarında isə 9,25 qram lif var. Xüsusilə ananasın qabığında və nüvəsində lif miqdarının meyvənin əsas hissəsindən 453,7 faiz çox olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, bu nəticələr qida tullantılarının azaldılması və insanların gündəlik lif qəbulunun artırılması baxımından əhəmiyyətlidir.
Araşdırmanın müəlliflərindən olan London Kral Kollecinin Qidalanma Elmləri Bölməsinin əməkdaşı Reyçel Gibsonun sözlərinə görə, insanlar meyvə və tərəvəzlərin ümumi çəkisinin 25-48 faizini təşkil edən hissələrini tullantıya çevirirlər. Halbuki həmin komponentlər qida lifinin mühüm mənbəyi ola bilər.
Qida lifi həzm sisteminin sağlamlığının qorunmasında, ikinci tip diabet və ürək-damar xəstəlikləri riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, tədqiqatçılar Böyük Britaniyada yetkin əhalinin cəmi 4 faizinin gündəlik tövsiyə olunan minimum 30 qram lif qəbulunu təmin etdiyini bildirirlər. Ölkədə hər il təxminən 10 milyon ton qida tullantısının yaranması, bunun 36 faizinin isə meyvə və tərəvəzlərin payına düşməsi problemin miqyasını göstərir.
Araşdırma çərçivəsində alimlər London Kral Kollecində xüsusi menyunu da sınaqdan keçiriblər. 40 universitet əməkdaşı və tələbəsinin iştirak etdiyi ilkin müzakirələr zamanı insanların meyvə və tərəvəzlərin, adətən, atılan hissələrini istehlak etməyə münasibəti öyrənilib. İştirakçılar arasında bu qidaların həzmə təsiri, istifadəsinin təhlükəsizliyi və sosial şəbəkələrdəki ziddiyyətli məlumatlarla bağlı narahatlıqların olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu vərdişin geniş yayılması üçün qida istehsalçıları və iaşə müəssisələri də prosesə cəlb olunmalıdır. Məsələn, brokolinin gövdəsindən yeməklərdə istifadə etmək, kivi qabığını saxlamaq və tərəvəz toxumlarını müxtəlif yeməklərə əlavə etmək həm qida dəyərini artırmağa, həm də tullantıları azaltmağa kömək edə bilər.
Bununla yanaşı, alimlər araşdırmanın müəyyən məhdudiyyətlərinin olduğunu vurğulayırlar. Belə ki, cəmi 12 məhsul növü tədqiq edilib və lif miqdarı onların çiy vəziyyətində ölçülüb. Bişirmə üsullarının qida tərkibinə və həzm prosesinə təsiri isə ayrıca araşdırılmalıdır.
Mütəxəssislər qeyd edirlər ki, meyvə və tərəvəzlərin atılan hissələrindən daha səmərəli istifadə etmək üçün onların qida dəyəri ilə yanaşı, təhlükəsiz hazırlanma qaydaları da nəzərə alınmalıdır. Bu yanaşma kiçik gündəlik dəyişikliklərlə həm sağlam qidalanmaya, həm də ərzaq israfının qarşısının alınmasına töhfə verə bilər.
Müxbir - Günel Türksoy