Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir
Bakı, 30 oktyabr, AZƏRTAC
ADA Məktəbində təşkil olunan Payız festivalı çərçivəsində ibtidai sinif şagirdlərinin hazırladıqları əl işləri nümayiş etdirilib və satışa çıxarılıb. Tədbirdə iştirak edən şagirdlərdən biri də Bahar Əliyeva olub. O, festivalda hazırladığı əl işlərini təqdim etməklə yanaşı, xeyriyyəçilik təşəbbüsünə də öz töhfəsini verib.
Bahar Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, festival üçün beş əl işi hazırlayıb. Onlardan dördü satılıb, biri isə satışda qalıb. Kiçikyaşlı iştirakçı satışdan əldə olunan vəsaitin bir hissəsinin valideyn himayəsindən məhrum uşaqlara dəstək məqsədilə ayrıldığını qeyd edib.
“Festival mənim üçün o deməkdir ki, biz hamımız mehriban olmalıyıq və bir-birimizin əl işlərini almalıyıq. Məncə, belə tədbirlərdə iştirak etmək, həm öz əl işlərimizi təqdim etmək, həm də başqa uşaqlara kömək etmək çox gözəldir”, – deyə Bahar Əliyeva bildirib. Onun sözlərinə görə, festival uşaqlara bir-birinə dəstək olmağı, paylaşmağı və xeyirxah davranmağı öyrədir.
Müxbir - Tünzalə Arazlı