Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib
Ağdam, 30 oktyabr, AZƏRTAC
Biomüxtəlifliyin qorunması məqsədilə əvvəllər xüsusi mühafizə rejimi tətbiq olunmayan ərazilərdə Qarabağ Milli Parkı yaradılıb. Növbəti layihəmiz xüsusi mühafizə olunan ərazilərin kənarında qalan nadir bitki növlərinin qorunması ilə bağlı altı mikrorezervatın - kiçik qoruqların yaradılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 54 min hektardan çox meşə sahəsi tamamilə məhv edilib. Hazırda həmin ərazilərin bərpası ilə bağlı işlər görülür. 600 hektar ərazidə meşəbərpa layihələri həyata keçirilib, 200 hektara yaxın ərazidə yeni yaşıllıqlar salınıb. Bu layihələrin genişləndirilməsi nəzərdə tutulur.
V.Kərimov qeyd edib ki, mina təhlükəsizliyi ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqca daha geniş ərazilərdə meşəbərpa işləri həyata keçiriləcək. Bu istiqamətdə Cəbrayıl rayonu ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib və artıq istismara verilmə ərəfəsindədir.
Nazir müavininin sözlərinə görə, mərkəzin illik istehsal gücü 2 milyon ting olacaq. Burada yetişdiriləcək tinglər meşə sahələrinin, o cümlədən məhv edilmiş və qiymətli ağac cinsləri qırılaraq seyrəldilmiş meşələrin bərpası məqsədilə istifadə olunacaq.
Müxbir - Tahir Ağaməmmədov