“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq
Bakı, 30 oktyabr, AZƏRTAC
Rəqibdən qorxmadıq, çəkinmədik. Səfər oyununa da qələbə qazanmaq məqsədilə gedəcəyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov UEFA Gənclər Liqasında Bakıda Xorvatiyanın “Dinamo Zaqreb” komandasına qarşı keçirilən oyun və cavab matçına hazırlıq barədə danışarkən bildirib.
O qeyd edib ki, komanda Zaqreb təmsilçisi ilə matçda gözlənildiyi kimi çıxış edib və taktiki baxımdan əvvəlki iki oyunla müqayisədə fərqli yanaşma seçib: “Öz oyunumuzu oynadıq. Hücumameyilli, açıq futbol sərgilədik, rəqibdən çəkinmədik. Qol şanslarımız da oldu. Düzdür, rəqibin daha çox şansı oldu ki, bu da normaldır. Oyundan sonra məşqçi və futbolçu heyəti ilə söhbət aparılıb. Komanda cavab görüşünə qələbə qazanmaq məqsədilə yollanacaq. Futbolçular ikinci oyunda məşqçinin tapşırıqlarını yerinə yetirsələr, taktiki cəhətdən düzgün oynasalar və sona qədər mübarizə aparsalar, növbəti mərhələyə yüksəlmək olar. Düzdür, rəqib bizdən həm təcrübəlidir, həm daha keyfiyyətli oyunçuları, həm də geniş heyəti var. Amma yenə də hesab edirik ki, qələbə qazanmaq mümkündür. Səfər oyununda fərqli hesabla uduzmağa yox, əksinə, qol vurub qələbə qazanmağa çalışacağıq. Təbii ki, oyunun gedişatının necə olacağını indidək demək olmaz”.
Nail Kərimov UEFA Gənclər Liqasında iştirakın klub üçün əhəmiyyətindən də danışıb. O bildirib ki, beynəlxalq turnirlərdə təcrübə həm futbolçular, həm məşqçilər, həm də klubun idarə heyəti üçün vacibdir: “UEFA turnirlərində və yaxud beynəlxalq yarışlarda nəticə üçün uzun illər lazımdır. Hər şey birdən-birə olmur. Nəzərə alsaq ki, “Qarabağ” Gənclər Liqasında indiyə kimi cəmi iki dəfə oynayıb, deməli, burada o qədər də böyük təcrübəmiz yoxdur. İnanırıq ki, bu təcrübə qarşıdakı illərdə formalaşacaq”.
“Qarabağ” “Dinamo Zaqreb” səddini keçsə, növbəti mərhələdə Portuqaliya nəhəngi “Benfika” qarşılaşacaq. Akademiya rəsmisi bildirib ki, hazırda növbəti mərhələ haqqında danışmaq tezdir. Bununla belə, klubun məqsədi illər ərzində Avropanın aparıcı komandaları ilə rəqabət aparacaq səviyyəyə yüksəlməkdir: “Benfika”nın imkanlarını və gücünü bilirik. Bu komanda ilə oynamaq üçün hər iki tərəf növbəti raunda adlamalıdır. Yavaş-yavaş o səviyyəyə gəlib çatmalıyıq ki, Avropanın top klubları ilə də oynaya bilək”.
Funskioner “Dinamo”nun akademiyası ilə əməkdaşlıq imkanlarına da münasibət bildirib. O, hazırda belə bir planın olmadığını qeyd edib: “Biz əslində Zaqreb akademiyası ilə tanışıq. Əsas komandamız onlarla oynayanda Aftandil Hacıyevlə birlikdə Xorvatiyaya səfər etmiş, onların iş planı ilə tanış olmuş, akademiyada təxminən yarım gün keçirmişdik. Yəni, “Dinamo”nun akademiyası barədə xeyli məlumatlarımız var”.
Akademiya meneceri hazırda əsas diqqətin klubun öz infrastrukturunun və strukturunun möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb.
O, “Qarabağ” akademiyasının bölgələrdə filiallarının açılması məsələsinə də toxunub. Bildirib ki, doğma Qarabağ bölgəsində bu istiqamətdə addımlar atılması gözlənilir və məsələ ilə bağlı klub rəhbərliyi ilə dəfələrlə şifahi müzakirələr aparılıb: “Hələlik öz akademiyamızın daxilində olan məsələləri yekunlaşdırmaq istəyirik. Ondan sonra bu işlərə keçid edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” və “Dinamo Zaqreb” komandaları arasında cavab matçı noyabrın 4-də Zaqrebdə olacaq. İlk matçda Ağdam təmsilçisi 1:2 hesabı ilə uduzub.
Müxbir – Cavid Əliyev