® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim
Bakı, 30 oktyabr, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının “Həkimlərimizi tanıyın!” rubrikasında sözügedən tibb müəssisəsinin Travmatologiya və ortopediya şöbəsinin rəisi, təcrübəli travmatoloq-ortoped Ramin Rzayevi təqdim edirik.
Belə ki, insanın həyatında hərəkət azadlığı və sağlam oynaqların rolu danılmazdır. Bu funksiyanın bərpası üçün ortopedik və travmatoloji əməliyyatların peşəkarcasına icrası həm yüksək məsuliyyət, həm də böyük təcrübə tələb edir. Həkim Ramin Rzayev bu missiyanı uzun illərin təcrübəsi, elmi bilikləri və innovativ yanaşmaları ilə uğurla yerinə yetirən mütəxəssislərdəndir.
Təhsil və ixtisaslaşma
Ramin Rzayev 1996–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Daha sonra 2001-ci ildən Rusiyada akademik İ.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində təhsilini davam etdirib və 2003-cü ildə fərqlənmə diplomu ilə məzun olub.
2003–2004-cü illərdə Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat İnstitutunda ümumi cərrahiyyə üzrə internatura keçib. 2004–2006-cı illərdə isə Rusiya Tibb Akademiyasının professor R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat İnstitutunda təhsilini davam etdirərək travmatoloq-ortoped ixtisasına yiyələnib.
2006-cı ildə aspiranturaya qəbul olan həkim, 2010-cu ildə “Çanaq həlqəsinin tamlığının pozulması ilə müşayiət olunan zədələnmələrin müasir üsullarla müalicəsi” mövzusunda elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Fəaliyyət sahəsi
Ramin Rzayev aşağıdakı sahələr üzrə ixtisaslaşıb:
- Oynaqların endoprotezləşdirilməsi (artroplastika);
- Oynaqların artroskopiyası;
- Ətraf skeletində əyrilik və deformasiyaların korreksiyası;
- Çanaq və digər böyük sümüklərin zədələnmələrinin cərrahi müalicəsi;
- Travmatoloji və ortopedik əməliyyatların geniş spektri.
2011-ci ildən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Ramin Rzayev 2017-ci ildən Travmatologiya və ortopediya şöbəsinin rəisidir.
Təcrübə və nailiyyətlər
Ramin Rzayev Rusiya Dövlət İxtiraçılar Reyestrində qeydiyyatdan keçmiş iki patentin həmmüəllifidir. Bunlar eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə, eləcə də çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşayiət olunan zədələnmələrin müalicə üsullarıdır.
O, həmçinin müxtəlif beynəlxalq elmi-praktiki konfrans və seminarların iştirakçısıdır, tez-tez məruzələrlə çıxış edir.
Eyni zamanda, Rusiya Travmatoloq-Ortopedlər Assosiasiyasının və Türkiyə Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin üzvüdür.
Məqsəd hərəkət azadlığını bərpa etməkdir
Ramin Rzayev üçün hər bir əməliyyat yalnız texniki proses deyil, həm də insanlara sağlam hərəkət azadlığı bəxş etmək, onların həyat keyfiyyətini yüksəltmək deməkdir. Onun məqsədi ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş etməkdir.
Həkimin qəbuluna yazılmaq üçün (012) 404-08-08 nömrəli telefona zəng etmək olar. Ramin Rzayev haqqında daha ətraflı məlumatı isə link vasitısilə almaq mümkündür.