Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır
Bakı, 29 oktaybr, AZƏRTAC
Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər sahil zonalarında yaşayan əhalinin təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir, sosial-iqtisadi və ekoloji problemlər yaradır. Səviyyə dəyişmələrinin öyrənilməsinə dair çoxsaylı elmi tədqiqatlar aparılsa da, bu prosesin uzunmüddətli proqnozu indiyədək, demək olar ki, hazırlanmayıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, ötən əsrdə Xəzər dənizinin səviyyəsində uzunmüddətli dəyişikliklər müşahidə olunub. 1930-1977-ci illərdə səviyyə davamlı olaraq enib, 1977-ci ildə ən aşağı həddə – mənfi 29,0 metrə çatıb. 1978-1995-ci illərdə isə dənizin səviyyəsində kəskin yüksəlmə qeydə alınıb.
Sonrakı illərdə səviyyənin yenidən enməsi sahil zonalarının təkrar formalaşmasına, səhralaşmanın güclənməsinə və qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bu dəyişikliklər Xəzər dənizi ilə əlaqəli təsərrüfat sahələrində, o cümlədən dəniz donanmasının fəaliyyətində də müəyyən çətinliklər yaradıb.
H.Nəbiyevin sözlərinə görə, 1978-ci ildən başlayaraq Xəzərin səviyyəsinin enməsinə uyğunlaşmış ölkələr sonrakı dövrdə kəskin yüksəlmə ilə üzləşib, nəticədə sahil rayonlarının xeyli ərazisi su altında qalıb. 1995-ci ildən sonra isə dənizin səviyyəsi yenidən enməyə başlayıb və bu proses zəif tərəddüdlərlə davam edib.
Alim qeyd edib ki, müşahidə olunan dəyişikliklər Xəzər dənizinin səviyyə dinamikasının daha dərindən öyrənilməsini, bu prosesə təsir edən amillərin araşdırılmasını və uzunmüddətli proqnozların hazırlanmasını zəruri edir.
Müxbir-Xatirə Cəfərova