Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır
Bakı, 29 oktyabr, AZƏRTAC
ADA Məktəbində keçirilən ənənəvi Məhsul bayramı şagirdlərdə xeyirxahlıq, sosial məsuliyyət və milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasına xidmət edir.
Bunu ADA İbtidai Məktəbinin direktoru Sevinc Seyidova festival çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Məhsul bayramı artıq üçüncü ildir təşkil olunur və məktəbin ən əlamətdar tədbirlərindən birinə çevrilib. Direktorun sözlərinə görə, ADA Məktəbinin əsas məqsədi dərin biliklərə və geniş dünyagörüşünə malik, eyni zamanda, milli köklərinə bağlı, xeyirxahlığı və sosial məsuliyyəti həyat tərzinə çevirən gənc nəsil yetişdirməkdir. Məhsul bayramı da məhz bu məqsədlərə xidmət edir.
S.Seyidova qeyd edib ki, builki festival əvvəlki illərlə müqayisədə daha təntənəli keçirilir, iştirakçıların sayı artıb və məktəb icması tədbirə böyük həvəslə qoşulub. Ötən ildən indiyədək xeyriyyə məqsədilə toplanan vəsait hesabına artıq dörd layihə həyata keçirilib. Bu layihələrə müxtəlif sosial mühitlərdən olan məktəblilər və tələbələr cəlb olunub, onların yeni bacarıqlar əldə etməsi üçün imkanlar yaradılıb.
Bildirilib ki, layihələr çərçivəsində iştirakçılar tikiş və qədim sənədlərlə bağlı bacarıqlara yiyələnib, sosial layihələrdə iştirak edib, sərgilərdə və tamaşalarda öz istedadlarını nümayiş etdiriblər.
Direktor vurğulayıb ki, əsas məqsəd uşaqların və gənclərin bacarıqlarını üzə çıxarmaq, onların özünəinamını gücləndirmək və cəmiyyətdə fəal iştirakları üçün yeni imkanlar yaratmaqdır. Məhsul bayramı bu missiyanın həyata keçirilməsi, şagirdlərdə xeyirxahlıq, həmrəylik və sosial məsuliyyət hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.