Katexdə köhnə su xətlərinin yenilənməsi gündəmdədir – əraziyə baxış keçirilib VİDEO
Balakən, 30 oktyabr, AZƏRTAC
Bu ilin iyul ayında Katex çayında baş verən sel daşqınları zamanı kənd bələdiyyəsi yararsız vəziyyətə düşən filtr və boruları rayonun müvafiq təşkilatları ilə birlikdə kustar üsulla təmir edərək minə yaxın abonenti içməli su ilə təmin etsə də, problem hələ də qalmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Katex kəndi Balakənin ən iri yaşayış məntəqələrindən biridir. Doqquz min nəfərə yaxın əhalisi olan bu yaşayış məntəqəsinin içməli və suvarma suyu yaxınlıqdan axan Katex çayının mənbəyindən götürülür. Sakinlər bildirir ki, kəndə gələn su xətləri ötən əsrin 60-70-ci illərində çəkilib və həmin borular istismar müddətini çoxdan başa vurub. Yağış yağanda, çayda sular artan kimi içməli su ilə bağlı problemlər yaranır. Bu da onunla bağlıdır ki, su mənbələrindəki filtrlər də istismar müddətini başa vurub. Kənd sakinləri hazırda içməli su ilə bağlı çətinlik çəkmədiklərini, lakin leysan yağışları yağanda belə problemlə qarşılaşdıqlarını bildirirlər. Məsələn, iyul ayında baş verən sel nəticəsində kənddə bir aya yaxın su problemi olub.
Məsələ ilə bağlı Katex bələdiyyəsinin sədri Mehman Şoranov bildirir ki, sakinlərin su təminatı bələdiyyənin balansındadır. Kəndin su borularının ümumi uzunluğu 11 kilometrə yaxındır. Boruların 3-4 kilometri isə Katex çayının sahili boyunca uzanır ki, bu da həmişə sel daşqınları zamanı zədələnir, bəzən tam yararsız vəziyyətə düşür.
“İyul ayının 7-8-də yaranmış sel daşqınları nəticəsində Katex kəndində əhalini içməli su ilə təmin edən su filtrləri və su hovuzu sıradan çıxdı, yararsız hala düşdü. Müəyyən vaxt içməli su verilişində fasilələr yaranmışdı”, – deyən bələdiyyə sədri əlavə edir ki, sel suları çəkildikdən, təhlükə aradan qalxdıqdan sonra su mənbələrində içməli suyun təmin olunması məqsədilə filtr və su hovuzu kustar üsulla yenidən bərpa olunub. Mehman Şoranovun sözlərinə görə, sel daşqınları zamanı, eyni zamanda, 48 poqonmetr D-325 ölçülü polad boru və 300 millimetrlik polietilen boru da yararsız hala düşüb.
“Tərəfimizdən hazırda müvəqqəti işlər görülüb, əhalini su ilə təmin etmişik. Amma burada yeni filtrlərin quraşdırılmasına və su hovuzunun inşasına ehtiyac var”, – deyən bələdiyyə sədri onu da əlavə edir ki, məsələ ilə bağlı rayon rəhbərliyi və müvafiq təşkilatların nümayəndələri hadisə yerinə birgə baxış keçirib.
“Bəs, Katex sakinlərinin içməli su problemlərinin aradan qaldırılması ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?” – sualı ilə rayon icra hakimiyyətinə müraciət etdik. Bildirildi ki, rayonun ən iri yaşayış məntəqəsi olan Katex kəndinin içməli su təminatı yerli bələdiyyənin balansında olsa da, problemlərin həllində rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi həmişə yaxından iştirak edir. Bir müddət əvvəl rayon rəhbərliyi Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti və yerli istismar idarəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirib.
Kənd bələdiyyəsi tərəfindən gələcəkdə ərazidə yeni drenaj qurulacağı təqdirdə Regional Su Meliorasiya Xidməti və rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin onlara köməklik göstərəcəyi diqqətə çatdırılıb.
Müxbir - Rasim İslamoğlu