Məktəblərdə keyfiyyət hədəfləri üzrə görüşlər davam edir
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlər davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə keçirilən görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova paytaxt üzrə ötən tədris ilinin nəticələrinin təhlili və yeni dərs ilinin hədəfləri barədə məlumat verib. Sektor müdiri təhsilin keyfiyyətinin davamlı inkişafını təmin edən sistemli və nəticəyönümlü fəaliyyət mühitinin formalaşdırılmasının, təhsil müəssisələrində müəyyənləşdirilən hədəflərin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı Keyfiyyət Fəaliyyət Planının icrasına dair təhsil müəssisələrinin qarşısında duran öhdəlikər, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, məktəbdaxili proseslərin səmərəli təşkili və nəticələrin davamlı izlənilməsi ilə bağlı məsələlər müzakirə olunub, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd Keyfiyyət Fəaliyyət Planında müəyyənləşdirilmiş istiqamətlər, qarşıya qoyulan hədəflər və gözlənilən nəticələr barədə məktəb rəhbərlərinə ətraflı məlumat vermək, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə etməkdir.