“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir
Bakı, 30 oktyabr, AZƏRTAC
Bəzən Vətən tarixinin ən şanlı səhifələri səssizcə, bir çoxlarının görmədiyi döyüş anlarında yazılır. O səhifələrdə bir ömrün arzuları, ananın duaları, övladın atasına həsrəti və Vətən uğrunda canından keçən igidlərin qanı var. Elə qəhrəmanlar var ki, son nəfəslərinədək özlərini deyil, döyüş yoldaşlarını düşünür, öz həyatlarını deyil, Vətəni qoruyurlar. Kapitan Elvin Kazımov da döyüş meydanında göstərdiyi igidliyi, silahdaşlarına olan sədaqəti və son ana qədər nümayiş etdirdiyi fədakarlıqla adını tarixə yazan belə qəhrəmanlarımızdandır. Onun həyat hekayəsi Vətən sevgisinin, komandir məsuliyyətinin və əsl insanlığın unudulmaz nümunəsidir.
Hərbçi olmaq arzusu ilə başlayan ömür yolu
Elvin Kazımov 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. O, 1993–2003-cü illərdə Xətai rayonundakı 221 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ məktəb illərindən hərbçi olmaq arzusu ilə yaşayan Elvin əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2006-cı ildə təhsilini uğurla başa vurub.
Hərbi təhsilini davam etdirmək məqsədilə Heydər Əliyev adına Hərbi İnstituta daxil olan Elvin 2006–2010-cu illərdə burada ali hərbi təhsil alıb. 2011-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas Kursu”nu bitirib.
Daha sonra leytenant hərbi rütbəsi ilə “N” hərbi hissəsində zabit kimi xidmətə başlayıb.
Hərbi xidmət illərində müxtəlif məsul vəzifələrdə çalışıb. Mexanikləşdirilmiş taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi – kəşfiyyat taqımının komandiri, motoatıcı taqım komandiri, dağ-atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Hərbi İnstitutun kursant taqım komandiri – müəllim köməkçisi, cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı bölük komandiri vəzifələrində xidmət edib. Peşəkarlığı, hərbi biliyi və məsuliyyəti sayəsində kapitan hərbi rütbəsinədək yüksəlib.

Ailəsinin fəxri, doğmalarının sevimlisi
Təbiətcə sakit, təmkinli, gülərüz və mehriban olan Elvin ailəli idi. Onun üçün ailəsi, xüsusilə də oğlu Rəvan həyatının ən böyük sevincindən biri idi. Hər gün oğlu ilə daha çox vaxt keçirmək arzusu ilə evə tələsirdi. Ailəsinə bağlılığı, qayğıkeşliyi və mehribanlığı ilə seçilirdi.
Kazımovlar ailəsindən olan üç oğlanın ikisi - kapitan Elvin Kazımov və mayor Elçin Kazımov Vətənə xidmət yolunu seçmişdilər. Vətən müharibəsi zamanı Elvin və böyük qardaşı Elçin bir-birlərindən xəbərsiz, eyni istiqamətdə gedən döyüşlərdə iştirak ediblər. Hər ikisi eyni amal – torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü uğrunda mübarizə aparırdı. Bir ailənin iki oğlunun eyni cəbhədə, bir-birindən xəbərsiz döyüşməsi bu ailənin Vətən sevgisinin və fədakarlığının unudulmaz nümunəsi idi.
Elvin Kazımov yaşadığı məhəllədə də hamının sevimli olub. Tərbiyəli, qayğıkeş, səmimi davranışı, insanlara olan münasibəti ilə seçilib. Onu tanıyanlar mehribanlığını, xoş rəftarını və təvazökarlığını həmişə ehtiramla xatırlayırlar.
Ana fəryadında yaşayan qəhrəmanlıq
Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurlu iştirakı ilə seçilən kəşfiyyatçı 2016-cı ildə Aprel döyüşlərində yaralanaraq uzun müddət müalicə alıb. Sağaldıqdan sonra yenidən xidmətinə qayıdıb. 2018-ci ildə qüsursuz xidmətlərinə görə medalla təltif olunub.
Elvinin döyüş yolunu, Vətən qarşısındakı borcunu necə yerinə yetirdiyini ən yaxşı onun anası Fədayə Kazımovanın xatirələri ifadə edir. AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı ana iki oğlunun – mayor Elçin Kazımovun və kapitan Elvin Kazımovun 44 günlük Vətən müharibəsində iştirak etdiyini qürurla, eyni zamanda, böyük bir nisgillə danışır.
Fədayə xanımın sözlərinə görə, sentyabrın 27-si saat 14:00 radələrində Elvin yemək yeyib işə gedib. Lakin cəmi iki saat keçməmiş yenidən evə qayıdıb. Anası onun bu gözlənilməz qayıdışına təəccüblənərək səbəbini soruşanda Elvin müharibənin başladığını, hamının döyüşə getdiyini bildirib.
Əslində, Aprel döyüşlərində yaralandığına, uzun müddət müalicə aldığına görə Elvinin döyüşə getməməsi də mümkün idi. Anası onun bu dəfə döyüşə yollanmayacağını düşünürdü. Elvin isə çantasını hazırlayaraq evdən çıxarkən anasını nigaran qoymamaq üçün Bakıda qalaraq xəritə çəkməklə məşğul olacağını deyib. Həmçinin anasından zəng çatmasa, narahat olmamasını xahiş edib. Elvin anasına 9-10 gündən bir evə zəng edəcəyini, pandemiya səbəbindən tez-tez gəlməyin mümkün olmayacağını bildirib. Lakin anasının xəbəri olmadan döyüşə yollanmışdı.
Suqovuşanın azad edildiyi günlərdə televiziyada göstərilən bir kadr Fədayə ananın diqqətini çəkmişdi. Ekranda silah əlində dayanan, arxasında hündür dirəyə Azərbaycan Bayrağı sancan silahdaşını qoruyan məğrur duruşlu bir hərbçi görünürdü. Hamı onun Elvin olduğunu tanımışdı. Ana da oğluna bənzətmişdi, Elvinin sözlərini xatırlayaraq döyüşdə olmadığını yəqin etmişdi.
Oktyabrın 4-də Elvin evə zəng etmişdi. O,anasına yaxşı olduğunu, tabeliyində olan hərbi qulluqçulara silahdan istifadə qaydalarını, atəş açmağı öyrətdiyini demişdi. Telefonun o biri başından isə güllə səsləri eşidilirdi. Əslində isə ətrafda döyüş gedirdi...
Daha sonra oğlu Rəvanla danışmış, ona ad gününü birlikdə keçirəcəklərini söyləmişdi.
Anasına isə unudulmaz sözlər demişdi: “Səni elə yaşadacağam ki, hamı sənə hörmət etsin, hamı sənə baş əysin”.
Ana ilə oğul gülə-gülə sağollaşmışdılar. Fədayə ana bilmirdi ki, bu, oğlunun onunla son danışığı olacaq.

Talış kəndində yazılan son qəhrəmanlıq dastanı
Azərbaycan Ordusunun kapitanı Elvin Kazımov Suqovuşanın azad edilməsindən sonra Talış kəndi istiqamətində gedən döyüşlərə göndərilib.
Anası Elvinin silahdaşlarının dediklərini xatırlayaraq bildirib ki, Talış kəndinin azadlığı uğrunda hərbi əməliyyata yollanan əsgərlərdən bəziləri ölüm haqqında danışanda Elvin onların sözünü kəsərək etiraz etmişdi: “Biz bura ölməyə deyil, öldürməyə gəlmişik!”
O, əsgərlərinə döyüşdən əvvəl də ruh yüksəkliyi verir, onları qorxmazlığa, mübarizəyə səsləyirdi: “Heç kişi də ermənidən qorxarmı?! Ölmək yoxdur, yalnız öldürmək var! Əgər şəhid olacağıqsa, düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq!”
Elvin və onun rəhbərlik etdiyi dəstə Talış kəndi uğrunda döyüşə girmiş, qarşıya qoyulan tapşırığı yerinə yetirmişdi. Döyüş başa çatdıqdan sonra yaralı əsgərlərin təxliyəsi başlanmışdı. Sanitar maşınları gəlmiş, yaralılar maşınlara mindirilmişdi.
Elvinin özü də yaralı idi. Lakin o, özünün təxliyə olunmasına razılaşmırdı. Əvvəlcə yaralı əsgərlərinin çıxarılmasını tələb edirdi. Onun üçün birinci növbədə silahdaşlarının həyatı dayanırdı.
Yaralı əsgərlər birinci maşınla yola salınıb. Daha sonra ikinci sanitar maşın da gəlib. O, ən axırda birtəhər maşına sığışıb. Yevlaxda xəstəxanaya çatmağa az qalmış əsgərinin qucağında şəhid olmuşdu.
Döyüş meydanında əsgərlərini qoruyan, yaralı silahdaşlarını öz həyatından üstün tutan kapitan Elvin Kazımov son nəfəsində də zabit şərəfinə, komandir məsuliyyətinə sadiq qaldı. Onun son sözləri də bu fədakarlığın ən təsirli ifadəsi oldu:“Əsgərlərimi çıxarın, mən hələ dözərəm”.
Bu sözlər sadəcə bir komandirin əmri deyildi. Bu, öz əsgərlərini övladı kimi qoruyan, onların həyatını öz həyatından üstün tutan bir zabitin son vəsiyyəti idi.
Əbədi xatirəyə çevrilən qəhrəman
Oktyabrın 6-sı səhər saatlarında ailə üzvləri yollara bayraqların asıldığını görüblər. Şəhidin gətirildiyini eşidəndə kimin olduğunu öyrənmək üçün yola çıxmaq istəyiblər. Lakin yollar bağlandığından onları geri qaytarıblar. Şəhidin gətirildiyi maşın isə düz onların evinin qarşısında dayanıb.
Gətirilən şəhid Elvin idi...
Bir ana üçün bundan ağır nə ola bilərdi? Bir neçə gün əvvəl səsini eşitdiyi, oğluna ad günündə yanında olacağına söz verən övladının tabutda evə qayıtması...
Elvin ailəsinə bir yadigar - oğlu Rəvanı qoyub getdi. Onun yarımçıq qalan arzuları, ailəsinə olan sevgisi, anasına verdiyi vədlər və qəhrəmanlıqla dolu döyüş yolu isə əbədi xatirəyə çevrildi.
Fədayə ana oğlunun Vətən müharibəsində iştirakını, torpaqlarımızın azadlığı uğrunda mübarizəsini böyük qürurla xatırlayır. Onun sözlərinə görə, Elvin dəmir yumruq kimi birləşən Azərbaycan oğullarından biri idi. Bu qəhrəmanlar torpaqlarımızı işğaldan azad etməklə yanaşı, xalqımızın alnından qara ləkəni də sildilər.
2020-ci il oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olan kapitan Elvin Kazımov Bakı şəhərindəki Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə kapitan Elvin Kazımov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Müxbir – Göyçək Mahmudlu