Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunan “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunur.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan xalqının etnomədəni dəyərlər sistemində, folklorunda və mifologiyasında at kultunun xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, sərgi Azərbaycan və ümumilikdə türk hərb ənənəsində döyüş atının roluna həsr olunub. Əsrlər boyu orduların əsas dayaqlarından olan atlar sürət və güc rəmzinə çevrilib. Türk süvarilərinin döyüş taktikaları, atlı oxçuluq ənənəsi və azadlıq ruhu tarixin gedişinə təsir göstərib.
S.Yusifova döyüşçü qəbirləri üzərində ucaldılmış XIV–XVI əsrlərə aid at formalı qəbirdaşılarının da bu heyvanın yalnız döyüş vasitəsi deyil, həm də azadlığın, qüdrətin və müqəddəsliyin rəmzi olduğunu göstərdiyini vurğulayıb.
“Tarixdən gələn dözümlülük, çeviklik və sarsılmaz iradə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin mənəvi dayaqlarından birinə çevrildi”, – deyə nazir müavini əlavə edib.
O, sərginin bir il ərzində aparılmış nəzəri və praktiki araşdırmaların, təlimlərin, böyük zəhmətin nəticəsi olduğunu bildirərək, ekspozisiyanın və kataloqun hazırlanmasında əməyi olanlara təşəkkür edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu atların əsrlər boyu insanın yanında olduğunu, onun yoldaşına çevrildiyini və müharibələrdə mühüm rol oynadığını qeyd edib.
“Bu gün insanlar “Mercedes-Benz” və “Bentley” kimi markalara sahib olmaqla fəxr edirlər. Keçmişdə isə insanın nüfuzu onun atının cinsi və keyfiyyəti ilə ölçülürdü. At insanın ən yaxın köməkçilərindən biri olub. Buna görə də bu gün atlara böyük hörmətlə yanaşırıq”, – deyə o bildirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova sərginin birillik araşdırmaların və gərgin əməyin nəticəsi olduğunu deyib. O, ekspozisiyada Azərbaycan təsviri sənətində at obrazının müxtəlif dövrlərdəki təcəssümünün əks olunduğunu vurğulayıb.
ADMİU-nun fəxri professoru, Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kuru sərginin atın türk xalqlarının tarixində və mədəniyyətindəki rolunu nümayiş etdirmək baxımından əhəmiyyətini qeyd edib. O, alim və sənətkarların maraqlı mövzular təqdim etdiyini vurğulayıb, Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb.
Çıxışlardan sonra rəssam Naqiyə Rzayevanın qum sənəti üslubunda hazırladığı “Laçın: döyüş atı” kompozisiyası nümayiş etdirilib.
Qeyd edək ki, bu istiqamətdə ilk sərgi 2025-ci ildə döyüş silahları mövzusuna həsr olunub və uğurla keçirilib.
Ekspozisiyada yerli və türkiyəli müasir rəssam və heykəltəraşların 50-dən çox rəngkarlıq, heykəltaraşlıq, qrafika və dekorativ-tətbiqi sənət əsəri nümayiş olunur. Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindən, daş salnamələrdən, miniatür sənətindən və monumental rəngkarlıq ənənələrindən ilhamlanan əsərlərdə Azərbaycan tarixinin şanlı səhifələri və görkəmli şəxsiyyətləri də əksini tapıb.
Layihənin məqsədi Azərbaycan xalqının tarixi yaddaşında və mədəni irsində xüsusi yer tutan döyüş atı obrazını yeni bədii interpretasiyalarla təqdim etməkdir. Sərgidə at yalnız döyüş vasitəsi kimi deyil, insanın sirdaşı, yol bələdçisi və xilaskarı, eləcə də əcdad yaddaşının daşıyıcısı kimi təcəssüm olunur.
Sərgi çərçivəsində kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVII–XXI əsrlərə aid tarixi silah nümunələri və onların replikaları da təqdim edilir. Eksponatlar arasında şahzadə Abbas Mirzə Qacarın, II Şah Abbasın, Səfəvi dövlətinin vilayətlərindən birinin hakiminin və Şəki xanlarının istifadə etdiyi silahlar, həmçinin Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların replikaları yer alır. Kolleksiyada zülfüqar qılıncının və şaşkanın ənənəvi üsullarla hazırlanmış nümunələri, eləcə də döyüş atı mövzusunda süjetlərlə bəzədilmiş ənənəvi formalı sandıq da var.
Sərginin kataloqu Türkiyənin tərəfdaş “Thereplika” nəşriyyatı tərəfindən hazırlanıb.
Sərgi noyabrın 15-dək davam edəcək.