Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda yol-nəqliyyat hadisələrinin daha çox baş verdiyi və qəza riski yüksək olan ərazilərin sığorta məlumatları əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova qurumun Hüquqi Şəxslərin İttifaqının yaradılmasının 15 illiyinə həsr olunmuş təqdimatda deyib.
O bildirib ki, təşəbbüsün başlıca məqsədi yol qəzalarının sayını azaltmaq, sığorta risklərini minimuma endirmək, sığorta haqları və tariflərinin tənzimlənməsinə töhfə vermək, eləcə də sürücülərlə sığorta şirkətləri arasında xidmət və əməkdaşlıq mexanizmlərini təkmilləşdirməkdir.
“Bu istiqamətdə 2026-cı ildə yol-nəqliyyat hadisələri üzrə risk xəritəsinin hazırlanması layihəsi də həyata keçirilir. Layihə çərçivəsində qəzaların daha intensiv qeydə alındığı ərazilərin aşkarlanması, müvafiq məlumatların coğrafi xəritə üzərində əks etdirilməsi və hadisələrə səbəb olan risk amillərinin araşdırılması planlaşdırılır. Toplanacaq məlumatlar əsasında sığorta şirkətləri, Daxili İşlər Nazirliyi, vergi orqanları və digər aidiyyəti qurumlarla birgə qəza hallarının qarşısını almağa yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulur”, - deyə departament rəhbəri vurğulayıb.