Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir
Bakı, 31 oktyabr, AZƏRTAC
“Çapanda ağ-boz atın büdrəməsin” sərgisi Zəfərin altıncı ildönümünə həsr olunub və əvvəlki illərdə təşkil etdiyimiz silsilə tədbirlərin davamıdır. Ötən il Azərbaycan ənənəvi silahlarına həsr olunan sərgi keçirmişdik, bu il isə döyüş atları mövzusuna müraciət etdik.
Bunu AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent, sərginin həmkuratoru Səbuhi Əhmədov deyib.
O bildirib ki, Milli Xalça Muzeyində sərgi ilə paralel olaraq II Beynəlxalq elmi-praktik konfrans da keçirilib. Konfransda azərbaycanlı alimlərlə yanaşı, Türkiyədən olan tədqiqatçılar da iştirak ediblər. Tədbirdə Azərbaycanda döyüş atı ənənələri müzakirə olunub.
“Sərgimiz olduqca unikaldır. Burada 45 azərbaycanlı və 5 türkiyəli rəssamın əsərləri nümayiş olunur. Hazırlıq işləri təxminən bir il davam edib. Bu müddətdə rəssamlarla sərgilərə baxış keçirilib, onlara döyüş atlarının tarixi, Azərbaycanda bu sahədə formalaşmış ənənələr və arxeoloji tapıntılar barədə məruzələr təqdim olunub”, – deyə o əlavə edib.
Həmkuratorun sözlərinə görə, sərgidə fərqli üslubda əsərlər, o cümlədən monumental işlər yer alıb. Layihəyə rəssamlarla yanaşı, heykəltəraşlar da qoşulublar. Ziyarətçilər tunc və gipsdən hazırlanmış əsərlərlə də tanış ola bilərlər.
S.Əhmədov qeyd edib ki, sərgi Azərbaycan xalqının döyüş ruhunu, hərb ənənələrini və hərbi bacarığını əks etdirir. Bu təəssüratı gücləndirmək məqsədilə şəxsi kolleksiyalarda qorunan nadir silah nümunələri də nümayiş olunur.
“Onların arasında Şahzadə Abbas Mirzə Qacara məxsus olmuş qılınc, Şəki xanları nəslinin nümayəndələrinə məxsus tüfəng və tapança, eləcə də Səfəvilər dövrünə aid silahlar var. Bundan başqa, yerli silah ustalarının bir neçə əsərini də sərgidə təqdim etmişik”, – deyə o vurğulayıb.
Müxbir - Günel Alıyeva