Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir
Bakı, 31 oktyabr, AZƏRTAC
Bir il bundan əvvəl, ötən il oktyabr ayının sonlarında ölkəmizdə və regionumuzda ilk dəfə olaraq donordan ürək transplantasiyası əməliyyatı keçirildi. Bu, həm ölkəmiz, həm bütün Qafqaz regionu üçün tarixi bir hadisə idi. Düşünürəm ki, bu həm də ölkəmizdəki səhiyyə sisteminin keçdiyi inkişafın ən vacib göstəricilərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.
Professor bildirib ki, bütün dünyada transplantasiya əməliyyatları və xüsusilə də ürək transplantasiyası əməliyyatı kifayət qədər mürəkkəb, kompleks cərrahi müdaxilələrdən hesab olunur. Həmin əməliyyatlar ancaq səhiyyə sistemi yetişmiş, uyğun infrastruktura və səhiyyə sisteminə sahib ölkələrdə icra olunur: "Hesab edirəm ki, Azərbaycanda Qafqazda ilk dəfə ürək transplantasiyasının həyata keçirilməsi, əlbəttə, tarixi bir uğurdur. Bu, bütün Azərbaycan səhiyyə sisteminin uğurudur. Ona görə də mən bir azərbaycanlı həkim kimi bununla qürur duyuram.
İlk dəfə ürək transplantasiyası həyata keçirildikdən sonra ümumiyyətlə ölkəmizdə transplantasiyaya maraq artıb. Hər iki tərəfdən ciddi artım müşahidə olunur. Bildiyiniz kimi, xüsusilə ürək transplantasiyası üçün beyin ölümü baş vermiş donorlara ehtiyacımız var. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinə 1500-dən çox Azərbaycan vətəndaşı könüllü olaraq müraciət edərək donorluq üçün qeydiyyatdan keçiblər. Bunun böyük əksəriyyəti məhz son bir ildə həyata keçirilib. Digər tərəfdən də transplantasiya icra etdiyimiz xəstələrin sayında ciddi bir artım müşahidə olunur. Belə ki, Mərkəzi Klinikanın Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinə təqdim etdiyi siyahıya əsasən 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir. Bu da bizim xəstələrin Azərbaycan səhiyyəsinə, həkiminə olan inamını göstərir. Transplantasiya gözləyən xəstələrin sırasında demək olar ki, 4-5 yaşından tutmuş 60 yaşına qədər olan insanlar var".