Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 31 oktyabr, AZƏRTAC
Türk Xəbər Agentlikləri Alyansının (ATNA) turizm və mədəniyyət mövzusunda keçirdiyi 2026-cı il fotomüsabiqəsinin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə AZƏRTAC, Anadolu Agentliyi, “Qazcontent”, Kabar və UzA tərəfindən ümumilikdə 23 foto təqdim olunub.
Anadolu Agentliyinin “Macarıstanda Avropanın ən böyük “Kurultay” festivalı davam edir” və “Qazcontent”in “Қазақ жігіттер” fotoları birinci yeri bölüşüblər.
İkinci yerə Anadolu Agentliyinin “Aktauda VIII Türk Dünyası Qadın”, Moda Günləri” və “Ənənəvi mədəniyyətlərin görüş yeri” və AZƏRTAC-ın “Novruzun rəngləri” fotoları layiq görülüb. “Qazcontent”in “Қазақ қызы” fotosu isə üçüncü yeri tutub.
Müsabiqəyə təqdim olunan əsərlərdə türk xalqlarının adət-ənənələri, milli geyimləri, sənətkarlığı, mədəni tədbirləri, təbiəti və gündəlik həyatı əksini tapıb. Fotolar ortaq mədəni irslə yanaşı, hər bir ölkənin özünəməxsusluğunu da nümayiş etdirərək üzv agentliklərin təmsil etdikləri ölkələrin mədəni zənginliyinə və turizm imkanlarına diqqət yönəldib.
ATNA 2023-cü ildə İstanbulda Anadolu, AZƏRTAC, Kabar, Qazcontent və UzA agentlikləri tərəfindən təsis edilib.