2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq
Şamaxıda 70 illik üzümçülük və şərabçılıq ənənəsi yaşadılır
Şamaxı, 31 oktyabr, AZƏRTAC
Şamaxı rayonunun Məlikçobanlı kəndində ailə ənənəsi kimi yaşadılan üzümçülük və şərabçılıq bu gün yeni sahibkarlıq yanaşması ilə davam etdirilir. Belə təsərrüfatlardan biri də kənd sakini Heydər Rahibin rəhbərlik etdiyi “Mistika” şərabçılıq təsərrüfatıdır.
AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Heydər Rahib bildirib ki, ailələrinin bu sahədə fəaliyyəti 70 ildən artıq tarixə malikdir. Babasının əsasını qoyduğu ənənəni sonrakı nəsillər davam etdirib. Hazırda o, ailəsi və digər qohumları ilə birlikdə təsərrüfatı inkişaf etdirir.
Onun sözlərinə görə, şərablar öz bağlarında yetişdirilən üzümdən, süni qatqılardan istifadə edilmədən hazırlanır. “Mistika” brendi ilə istehsal olunan məhsullar məhdud sayda satışa çıxarılır.
Hazırda təsərrüfatda ildə 3500-4000 şüşə şərab istehsal edilir. Məhsullar əsasən sosial şəbəkələr və butik şərab mağazaları vasitəsilə satılır. Gələcəkdə üzüm yarpağı, abqora suyu, üzüm mürəbbəsi və digər məhsulların istehsalı, eləcə də təsərrüfatın aqroturizm imkanlarının genişləndirilməsi planlaşdırılır.
Şamaxının Məlikçobanlı kəndində yerləşən “Mistika” şərabçılıq təsərrüfatı “Şəhərdən kəndə” layihəsi çərçivəsində dəstək göstərilən təsərrüfatlardan biridir.
“Paşa Holdinq”in maliyyə dəstəyi ilə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən layihənin məqsədi fermerlərin aqroturizm imkanlarını genişləndirmək, yerli məhsulları tanıtmaq və şəhər sakinlərinin kənd həyatına marağını artırmaqdır.
ASC-nin İdarə Heyəti sədrinin müşaviri Elmir Bədəlov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, layihə çərçivəsində fermerlərə aqroturizm infrastrukturunun yaradılmasında dəstək göstərilir, şəhər sakinlərinin təsərrüfatlara səfərləri təşkil olunur.
Onun sözlərinə görə, indiyədək layihə çərçivəsində 39 fermer təsərrüfatına dəstək verilib, 500-dən çox fermer üçün təlimlər keçirilib. Dəstəklənən təsərrüfatlar müxtəlif kənd təsərrüfatı və emal sahələrini əhatə edir.
Elmir Bədəlov qeyd edib ki, layihəyə qoşulmaq istəyən fermerlər internet səhifəsi vasitəsilə müraciət edə bilərlər. Mütəxəssislər təsərrüfatların turizm potensialını və hazırlıq səviyyəsini qiymətləndirdikdən sonra dəstək göstərilməsi barədə qərar verirlər.
Müşavir vurğulayıb ki, “Mistika” təsərrüfatına səfərin məqsədlərindən biri də butik şərabçılığın inkişafına töhfə verməkdir. 2026–2030-cu illər üzrə kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramında 2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayının 5-dən 20-yə çatdırılması hədəfi müəyyən edilib.
Onun sözlərinə görə, layihə çərçivəsində fermer təsərrüfatlarına dəstək davam etdiriləcək. Bu təşəbbüs kənd yerlərində sahibkarlığın inkişafına və Azərbaycanın aqroturizm potensialının tanıdılmasına xidmət edir.
Müxbir - Rəşad Rəşidov