Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır
Paris, 31 oktyabr, AZƏRTAC
Fransada 2025-ci il ərzində evsiz və yaşayış yeri olmayan 927 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Les Morts de la rue” assosiasiyasının illik hesabatında bildirilir.
Hesabata əsasən, ölənlərin orta yaşı 49 olub, onların 83 faizi kişilərdir. Qurbanlardan 306-sı küçələrdə yaşayıb, 264-ü sığınacaqlarda məskunlaşıb. Daha 357 nəfərin isə harada gecələdiyi məlum deyil. Ölənlər arasında 15 yaşdan kiçik 20 uşaq da var. Hesabatda 148 zorakı ölüm faktı qeydə alınıb.
Təşkilat vurğulayır ki, açıqlanan rəqəmlər yalnız ölüm haqqında şəhadətnamə ilə təsdiqlənmiş halları əhatə edir və real göstərici daha yüksək ola bilər. 2024-cü ildə 938 belə ölüm qeydə alınmışdı. Bununla belə, assosiasiyanın məlumatına görə, evsizlərin ölüm sayı 2012-ci illə müqayisədə 2,2 dəfə artıb.
Hesabat müəllifləri bu ölümləri dərin sosial böhranın nəticəsi kimi qiymətləndirərək onların qaçılmaz olmadığını, yoxsulluq və sosial müdafiə sahəsindəki siyasi və ictimai qərarlarla əlaqəli olduğunu bildirirlər.