Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan tarixən müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların qarşılıqlı hörmət, etimad və sülh şəraitində yaşadığı nadir ölkələrdən biri olub. Bu gün ölkəmizdə multikulturalizm və tolerantlıq yalnız dövlət siyasətinin əsas istiqamətlərindən biri deyil, həm də gündəlik həyatımızın ayrılmaz hissəsi, milli kimliyimizin mühüm xüsusiyyətidir. Müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və ortaq Vətənə bağlılıq Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
O bildirib ki, bu möhkəm birliyin ideoloji təməlində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi dayanır. Bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların və dini icmaların nümayəndələrini vahid dövlətçilik ideyası, milli maraqlar və ortaq gələcək naminə birləşdirən mühüm amildir.
Vətən sevgisi, milli qürur, dövlətə sədaqət və ortaq Qələbə əzmi
“Azərbaycançılıq milli müxtəlifliyi məhdudlaşdıran deyil, əksinə onu ümummilli birliyimizin zənginliyi kimi qəbul edən ideologiyadır. Məhz bu yanaşma ölkəmizdə ictimai həmrəyliyin möhkəmlənməsinə, müxtəlif mədəniyyətlərin qorunmasına və vahid vətəndaşlıq kimliyinin inkişafına şərait yaradır. Xalqımızın bu birliyi və həmrəyliyi 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş olundu. Həmin tarixi günlərdə Azərbaycanın müxtəlif etnik və dini icmalarının nümayəndələri vahid amal ətrafında birləşərək dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda həmrəylik nümayiş etdirdilər. Xalqımızı “Dəmir yumruq” ətrafında birləşdirən əsas qüvvə Vətən sevgisi, milli qürur, dövlətə sədaqət və ortaq Qələbə əzmi idi.
Şuşada üçrəngli dövlət bayrağımızın dalğalanması təkcə hərbi Zəfərin deyil, həm də milli birliyimizin, iradəmizin və dövlətçilik əzmimizin təntənəsi idi. Bu Zəfər göstərdi ki, cəmiyyətin bütün təbəqələrini birləşdirən ümummilli ideya dövlətin gücünü daha da artırır. Azərbaycançılıq ideologiyasının mühüm xüsusiyyəti də məhz burada özünü göstərir: müxtəliflik birliyə, birlik isə milli gücə çevrilir.
Dövlətimizin başçısının milli və dini müxtəlifliyi Azərbaycanın zənginliyi kimi qiymətləndirməsi ölkəmizdə formalaşmış birgəyaşayış ənənələrinin qorunmasının nə qədər vacib olduğunu bir daha təsdiqləyir”, - deyə A.Badamov vurğulayıb.
Xalqlar və dövlətlər arasında dialoqun təşviqi
Deputat qeyd edib ki, beynəlxalq münasibətlər sistemində müharibələrin, geosiyasi qarşıdurmaların, dini və etnik zəmində gərginliklərin dərinləşdiyi bir şəraitdə xalqlar və dövlətlər arasında dialoqun təşviqi xüsusi aktuallıq kəsb edir. Qarşıdurmaların aradan qaldırılması, qarşılıqlı etimadın bərpası və davamlı sülhün təmin olunması üçün ortaq dəyərlərə, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan dialoq mühitinin formalaşdırılması vacibdir. Azərbaycan bu istiqamətdə beynəlxalq təşəbbüslərlə çıxış edir. Ölkəmizdə keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirərək dialoq və əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradır. Bu platforma Azərbaycanın multikulturalizm təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməsi və qlobal problemlərin həllində qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulaması baxımından mühüm əhəmiyyət daşıyır.