Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu Qarabağ İqtisadi Bölgəsinin flora müxtəlifliyinin öyrənilməsi, herbari nümunələrinin təftişi və bitkilərin sistematik təhlili istiqamətində elmi-tədqiqat işləri həyata keçirib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva məlumat verib.
O bildirib ki, institutun elmi-tədqiqat planına uyğun olaraq Qarabağ İqtisadi Bölgəsinə aid iki mövzu üzrə araşdırmalar aparılıb. Bunlardan biri Qarabağ florasına aid herbari nümunələrinin təftişi, məlumat bazasının və elektron kataloqların yaradılması, digəri isə Qarabağın Aran bölgəsinin faydalı bitkilərinin etnoxarakterik səciyyəsi, xüsusi əhəmiyyətli resursların bioekoloji xüsusiyyətlərinin, populyasiya strukturunun müasir vəziyyətinin və ehtiyatlarının öyrənilməsi olub.
Professorun sözlərinə görə, Herbari Fondunda aparılan tədqiqatlar nəticəsində bir sıra bitki cinslərinin növ tərkibində və nomenklaturasında dəyişikliklər müəyyənləşdirilib. Asparagales və Liliales sıralarına aid geofit bitkilərin araşdırılması zamanı Asparagus cinsinin növ tərkibi yenidən nəzərdən keçirilib, bəzi növlər sinonim kimi qəbul edilib. Həmçinin Zəfəran (Crocus L.) cinsinin növlərinin yeni təyinedici açarları hazırlanıb, Qarabağda yayılma arealları dəqiqləşdirilib.
Liliaceae fəsiləsinin Qazsoğanı (Gagea Salisb.) cinsinə aid növlər üzrə də tədqiqatlar aparılıb. Qarabağda bu cinsin üç növünün yayıldığı müəyyən edilib. 2023-cü ildə aparılan araşdırmalar zamanı isə Qarabağda Gagea cinsinin 13 növünün yayıldığı, onların müxtəlif flora elementlərinə aid olduğu aşkarlanıb. Bundan əlavə, Gladiolus L. cinsinə aid üç növün Qarabağ bölgəsində mövcudluğu müəyyənləşdirilib və G. imbricatus L. növü üçün yeni yayılma yerləri aşkarlanıb.
S.İbadullayeva qeyd edib ki, Qarabağın Aran bölgəsinin yayılan Rosaceae fəsiləsinə aid iqtisadi əhəmiyyətli bitkilər də sistematik, palinoloji və molekulyar baxımdan öyrənilib. Dovşanalması cinsinin Azərbaycanda doqquz növlə təmsil olunduğu, Qarabağda isə dörd növünün yayıldığı göstərilib. Prunus cinsinin növ tərkibinə yenidən baxılıb, müxtəlif cinslərə aid bir sıra növlər onun tərkibinə daxil edilib. Rosaceae fəsiləsinə daxil olan cinslərə aid 18 növün tozcuq dənələrinin morfologiyası skan edən elektron mikroskop vasitəsilə tədqiq olunub. Azərbaycanda yayılan Prunus microcarpa, P. cerasifera və P. spinosa növlərinin tozcuq dənələrinin morfoloji quruluşu ilk dəfə elektron mikroskopla öyrənilib.
İnstitutun baş direktoru vurğulayıb ki, Qarabağ florasının rəqəmsallaşdırılması da tədqiqatların mühüm istiqamətlərindən olub. Ümumilikdə Herbari Fondunun 21 min 200 herbari nüsxəsi virtual bazaya yerləşdirilib. Bunun 10 min 500 nüsxəsi Qarabağ herbarilərinə aiddir və rəqəmsallaşdırılaraq siyahıya alınıb.
Qeyd edək ki, bu tədqiqatlar Qarabağ florasının növ tərkibinin dəqiqləşdirilməsi, bitkilərin yayılma areallarının müəyyənləşdirilməsi, herbari materiallarının elektron mühafizəsi və regionun bitki müxtəlifliyinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
Müxbir - Tünzalə Arazlı