Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2
Bakı, 1 noyabr, AZƏRTAC
Fransada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan nümayişçilərin sayı 511 nəfərə yüksəlib.
AZƏRTAC TF1-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 31-də keçirilən etirazlar həmin ayın 17-də və 24-də təşkil olunan genişmiqyaslı nümayişlərin davamı olub. Bu aksiyalar bir sıra şəhərlərdə polislə toqquşmalar və mağazaların talan edilməsi ilə müşayiət olunub.
23:49
Polis Fransada alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq keçirilən nümayişlərdə 296 nəfəri saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Frans Press” agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion da daxil olmaqla, bəzi şəhərlərdə aqressiv şəxslər yürüşlərdən sonra vandalizm və talan aktları törətməyə cəhd ediblər.
Polis Parisdə hüquq-mühafizə orqanlarına daş və butulkalar atmağa başlayan etirazçıları dağıtmaq üçün gözyaşartıcı qazdan və səs qumbaralarından istifadə edib.
22:53
Oktyabrın 31-də Fransada keçirilən etiraz aksiyalarında iştirakçıların sayı ilə bağlı həmkarlar ittifaqları və Daxili İşlər Nazirliyi fərqli rəqəmlər açıqlayıb.
AZƏRTAC xəbər verir ki, gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, ölkə üzrə nümayişlərə təxminən 500 min nəfər qatılıb. Onlardan 200 mini Parisdə küçələrə çıxıb.
Daxili İşlər Nazirliyi isə ölkə üzrə 320, paytaxtda 70 min nəfərin nümayişlərə qatıldığını bildirib.
Parisdə nümayişin əsas hissəsi sakit keçsə də, yürüşün sonunda qarşıdurmalar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 200-300 nəfərlik qrupla polis arasında toqquşmalar zamanı partlayıcı qurğu polis əməkdaşlarından birinə dəyib.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, oktyabrın 24-də Fransada keçirilən etiraz aksiyalarına 410, o cümlədən Parisdə 110 min nəfər qatılıb. Həmkarlar ittifaqları isə həmin gün iştirakçıların sayının 800 min nəfər olduğunu açıqlayıb.
Fransa Tələbələrinin Milli İttifaqı etiraz aksiyalarının davam etdiriləcəyini bildirib. Təşkilat noyabrın 2-də universitetlərdə təşkilatlanmağa, həmin ayın 3-də isə ölkə üzrə universitet və liseylərin blokadaya alınmasına çağırıb. Lisey şagirdləri və tələbə birlikləri də qarşıdakı günlərdə təhsil müəssisələrində etiraz aksiyalarının keçirilməsini gündəmə gətirib.
“Sarı jiletlilər” hərəkatı noyabrın 6-da və 7-də etirazların davam etdirilməsinə çağırıb. Bundan əvvəl, noyabrın 5-də həmkarlar ittifaqlarının nümayişlər keçirməsi planlaşdırılır.