Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir
Bakı, 30 oktyabr, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində dövlət müstəqilliyinin qorunması yalnız siyasi, iqtisadi və hərbi gücün təmin edilməsi ilə məhdudlaşmır. Həqiqi suverenlik, eyni zamanda, milli kimliyin, tarixi yaddaşın, mədəni irsin və mənəvi dəyərlərin toxunulmazlığının təmin olunmasını tələb edir. Milli ideoloji konsepsiya səviyyəsinə yüksəlmiş azərbaycançılıq ideologiyası və multikultural dəyərlər ölkəmizin müasir inkişaf strategiyasının fundamental dayaqlarını təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rafael Becanov deyib.
Onun sözlərinə görə, Azərbaycanı tarixən fərqləndirən mühüm xüsusiyyətlərdən biri onun monoetnik və monomədəni cəmiyyət modeli üzərində formalaşmamasıdır. Əsrlər boyu burada müxtəlif etnik və dini mənsubiyyətə malik insanlar qarşılıqlı hörmət, dözümlülük və birgəyaşayış prinsipləri əsasında yaşayıblar. Bu baxımdan multikulturalizm Azərbaycan üçün yalnız ictimai həyatın bir xüsusiyyəti deyil, həm də dövlət siyasətinin strateji istiqamətlərindən, milli həmrəyliyin və ictimai sabitliyin mühüm təminatlarından biridir. Bu strateji yanaşmanın ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun məşhur “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri zaman keçdikcə fundamental ideoloji tezislərdən birinə çevrilib. Azərbaycançılıq ideologiyası etnik mənşəyindən, dini və mədəni baxışlarından asılı olmayaraq bütün vətəndaşları ümumi dövlətçilik maraqları və ortaq gələcək naminə birləşdirən ideoloji platformanın əsas dayaqlarından biridir. Azərbaycançılıq ideologiyasının əhəmiyyəti xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri zamanı aydın şəkildə üzə çıxdı. Cəmiyyətin vahid məqsəd uğrunda çiyin-çiyinə mübarizə aparması, milli birliyimiz, vətənpərvərliyimiz və ortaq dövlətçilik iradəmiz bu ideologiyanın real gücünü nümayiş etdirdi. Bütün bunlar sübut etdi ki, Azərbaycan dövlətinin gücü müxtəlifliyi vahid milli maraqlar ətrafında səfərbər etmək bacarığındadır.
Azərbaycançılıq ideologiyası milli birliyin əsas dayağıdır
R.Becanov diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyətində müxtəliflik və qarşılıqlı anlaşma mühiti mövcud olsa da, ölkəmiz müstəqil dövlətçilik yolunda zaman-zaman neqativ yanaşmalarla, ədalətsiz və obyektiv olmayan münasibətlərlə qarşılaşıb. Beynəlxalq münasibətlər və regional yanaşmalar sistemində ikili standartların tətbiqi bunun bariz nümunələrindəndir. Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin icra olunmaması beynəlxalq hüququn selektiv tətbiqinin göstəricisi olub. Lakin Azərbaycan dövləti öz gücü və siyasi iradəsi hesabına torpaqlarını işğaldan azad edərək regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycanın müstəqil siyasi kursuna və suveren hüquqlarına qarşı müəyyən dairələr tərəfindən ikili standartlara əsaslanan yanaşmalar müşahidə olunur. Halbuki dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq və xalqların öz həyatlarını, gələcəklərini sərbəst müəyyən etmək hüququ beynəlxalq münasibətlərin fundamental prinsipləridir. Azərbaycanın xarici siyasət strategiyasının təməlində məhz bu prinsiplər dayanır. Azərbaycan heç bir dövlətin daxili siyasi, iqtisadi və mədəni seçimlərinə müdaxilə etmir. Azərbaycanın öz milli maraqlarına, daxili siyasi kursuna, iqtisadi-ticari münasibətlərinə və mədəni həyatına kənardan diktə olunmasını qəbul etməsi mümkün deyil. Müstəqillik, ilk növbədə, müstəqil qərarvermə hüququ deməkdir. Bu hüququn qorunması isə suveren dövlətin legitim haqqıdır
“Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqe Azərbaycanın dövlətçilik fəlsəfəsini aydın şəkildə ifadə edir: “Bizim öz həyatımız var. Biz öz qaydalarımızla yaşayırıq. Heç kim bizə nəyi isə diktə edə bilməz və daxili işlərimizə qarışa bilməz... Biz heç kimin işinə qarışmırıq və heç kimə də imkan vermərik ki, bizim işimizə qarışsın”. Bu mövqe yalnız Azərbaycan dövlətinin rəsmi yanaşması deyil, həm də cəmiyyətin milli suverenlik, müstəqillik və dövlətçilik məsələlərində formalaşmış prinsipial mövqeyinin ifadəsidir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkəmizin milli maraqlarını qlobal səviyyədə daha ardıcıl və səmərəli şəkildə müdafiə etmək imkanlarını genişləndirir. Qoşulmama Hərəkatına uğurlu sədrlik, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təşəbbüskar və aparıcı mövqe, Avropanın enerji təhlükəsizliyində artan strateji rol Azərbaycanın müstəqil diplomatiyasının və etibarlı tərəfdaş imicinin mühüm göstəriciləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin gücünü, nüfuzunu göstərir və həqiqətlərimizin dünyaya çatdırılmasında vacib rola malikdir. Bu cür platformalar təkcə beynəlxalq əməkdaşlığın inkişafına deyil, həm də Azərbaycanın milli maraqlarının, suverenlik prinsipinə əsaslanan mövqeyinin və öz inkişaf yolunu müstəqil müəyyənləşdirmək hüququnun daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Azərbaycanın müasir dövlətçilik modeli tarixi təcrübənin, milli birliyin, güclü dövlətçilik iradəsinin və ardıcıl xarici siyasət strategiyasının nəticəsidir. Bu modelin əsasını milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq ideologiyası, multikulturalizm, suverenliyin toxunulmazlığı, qarşılıqlı hörmət və ədalətli beynəlxalq münasibət prinsipləri təşkil edir”, – deyə R.Becanov qeyd edib.