Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH
Bakı, 31 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüşləri Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi və beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O qeyd edib ki, Azərbaycan tarixən İslam sivilizasiyasının mühüm mərkəzlərindən biri olub. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında İslamın xüsusi yeri var. Müstəqillik əldə etdikdən sonra ölkəmiz İslam dünyası ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olması Azərbaycanın bu istiqamətdə atdığı mühüm addımlardan biri olub.
"Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan İƏT çərçivəsində fəal iştirak edir, müsəlman ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinə, qarşılıqlı dəstəyin və həmrəyliyin gücləndirilməsinə töhfə verir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi və Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu siyasətin parlaq nümunəsidir.
2027-ci ildə Bakıda İslam Zirvə Konfransının keçirilməsinin planlaşdırılması və Azərbaycanın İƏT-ə sədrliyi ölkəmizin İslam dünyasındakı artan nüfuzunun göstəricisidir. Bu, həm də Azərbaycan üçün müsəlman dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, ortaq problemlərin həlli və yeni təşəbbüslərin irəli sürülməsi baxımından mühüm imkan yaradacaq", - deyə N.Aslanov vurğulayıb.
Deputat hesab edir ki, Azərbaycan-ICESCO əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Təhsil, elm, mədəniyyət və tarixi irsin qorunması sahəsində həyata keçirilən birgə layihələr ölkəmizin İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni nümayiş etdirir.
“Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli-mədəni irsin qorunması, dini abidələrin bərpası və humanitar layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Fondun vitse-prezidenti Leyla Əliyevanın ICESCO ilə əməkdaşlıq çərçivəsində dəstəklədiyi, xüsusilə Afrika ölkələrində qızların təhsil imkanlarının yaxşılaşdırılmasına yönəlmiş layihələr Azərbaycanın İslam həmrəyliyinə əməli töhfəsinin nümunəsidir.
Ölkəmizdə İslam irsinin qorunması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Məscidlərin, dini komplekslərin və tarixi abidələrin bərpası, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış dini-mədəni irsin yenidən qurulması bu sahəyə göstərilən diqqətin təzahürüdür. Şuşanın 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi də Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətli hadisə olub.
Azərbaycanın İslam dünyasındakı mövqeyini gücləndirən əsas amillərdən biri də ölkəmizin multikulturalizm və tolerantlıq ənənələridir. İslam dəyərlərinə sadiqlik digər dinlərə və mədəniyyətlərə hörmətlə uzlaşır. Azərbaycan bu yanaşması ilə İslamın sülh, mərhəmət, humanizm və birgəyaşayış prinsiplərini beynəlxalq miqyasda təbliğ edir”, - deyə Milli Məclisin deputatı bildirib.