Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır
Bakı, 31 oktyabr, AZƏRTAC
Beynəlxalq rəqs tədbirləri təkcə yarışlarda iştirak etmək deyil, həm də rəqqasların peşəkar inkişafı, təcrübə mübadiləsi aparması və müxtəlif ölkələrdən olan həmkarları ilə tanışlığı baxımından geniş imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Azerbaijan Dance Festival 2026”da iştirak etmək üçün yenidən Bakıya gələn Böyük Britaniya təmsilçiləri, rəqs cütlüyü Paulyus Vaskelis və Yuste Butçünayte səsləndiriblər.
Rəqqasların sözlərinə görə, festivalın proqramına təkcə yarışlar deyil, müəllimlərin iştirakı ilə təlimlər, eləcə də peşəkar rəqqaslarla həvəskarları bir araya gətirən Pro-Am turniri də daxildir.
“Hər şey çox maraqlıdır. Çünki bu tədbir bəzi yarışlarla müqayisədə daha çox festivala bənzəyir”, – deyə həmsöhbətlərimiz qeyd ediblər.
Paulyus Vaskelis və Yuste Butçünayte yenidən Bakıda çıxış etməkdən məmnun olduqlarını da vurğulayıblar. Onların sözlərinə görə, uzun illərdir Londonda yaşayırlar və bu dəfə Dumanlı Albionu təmsil edən yeganə britaniyalı rəqs cütlüyüdürlər.
Onlar bildiriblər ki, ilk dəfə Bakıda ötən il olublar və şəhərin müasir görkəmi, gözəlliyi, eləcə də yerli sakinlərin qonaqpərvərliyi onlarda xoş təəssürat yaradıb.