Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam
Astana, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Güləş Federasiyasına, məşqçilər heyətinə və həkimlərə dərin təşəkkürümü bildirirəm. Mənə böyük dəstək olan Azərbaycan xalqına da minnətdaram. Göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Buna görə bir daha hər kəsə təşəkkür edirəm.
Bu sözləri Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili AZƏRTAC-a açıqlamasında deyib.
125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevi məğlub edərək dünya çempionatının mükafatçıları sırasına qoşulub.
Azərbaycanı təmsil etməkdən məmnunluğunu ifadə edən güləşçi deyib: “Özümü burada qonaq və ya legioner kimi hiss etmirəm. Bura mənim üçün doğma vətən, öz ölkəm kimidir. Buna görə hər kəsə sonsuz dərəcədə minnətdaram”.
G.Meşvildişvili dünya çempionatının təşkilatçılığını da yüksək qiymətləndirib: “Qazaxıstan xalqına da dərin təşəkkürümü bildirmək istəyirəm. Yarış yüksək səviyyədə, mükəmməl təşkilatçılıqla, əlverişli şəraitdə və gözəl ab-havada keçirilir. Burada güləşin çoxsaylı azarkeşlərinin olması bizim üçün böyük motivasiyadır”.
Gələcək hədəflərindən danışan idmançı qazandığı nəticədən məmnunluğunu ifadə edib: “Bürünc medal qazandım və buna görə çox xoşbəxtəm. Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Astanadakı “Barys Arena” idman kompleksində keçirilir. Yarışda 135 ölkədən 900-dən çox idmançı iştirak edir. Proqrama yunan-Roma, sərbəst və qadın güləşi daxildir.