ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində Müstəqillik Gününə həsr olunan tədbir təşkil edilib

Bakı, 27 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1991-ci ildə müstəqilliyimizin yenidən bərpası və ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı mübarizə haqqında məlumat verib.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Qələbədən danışan sədr, bununla artıq ölkəmizin öz müstəqil strategiyasını həyata keçirmə qabiliyyətini də nümayiş etdirdiyini vurğulayıb.

“Hazırda qarşımızda duran əsas hədəflərdən biri də təhsil, elm və texnika sahəsində yeni qələbələr əldə etməkdən ibarətdir. Məhz elm və təhsil sahəsində hədəf və standartların yüksəldilməsi, strateji hədəflərə nail olmaq üçün səbirlə ardıcıl addımlar atılması ölkəmizin insan kapitalının daha da zənginləşməsinə gətirib çıxaracaq və bu, müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin ən böyük təminatı olacaqdır”, - deyə sədr bildirib.

Bu günlərdə Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” festivalına toxunan M.Abbaszadə deyib: “Mən şadam ki, orada aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və s. kimi sahələrin gənclər arasında təbliği aparılır və festival çərçivəsində təşkil olunan yarışlardakı gənclər bizim milli təhsil sistemimizin yetirmələridir. Dövlətimizin başçısının irəli sürdüyü “Qara qızılı insan kapitalına çevirmək” hədəfi öz bəhrələrini verməkdədir”.

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin Orta təhsil sektorunun əməkdaşı Nicat İsayevin də festivala təqdim etdiyi iş “Yaşıl” texnologiyaların C (fərdi) kateqoriyası üzrə müsabiqədə final mərhələsinə yüksəlib.

Tədbirdə daha sonra DİM-in gənc əməkdaşları çıxış edib və bildiriblər ki, bu gün müstəqil Azərbaycanın inkişafına töhfəmiz öz gündəlik işimiz, göstərdiyimiz fəaliyyət olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.