SİYASƏT


Türkiyə Prezidenti: Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir

Bakı, 28 may, AZƏRTAC

Bizim heç kimin torpağında, suverenliyində gözümüz olmadığı kimi, xəbis niyyətlilərə verəcək bir qarış torpağımız da yoxdur, olmayacaq. Çünki biz təsadüflərin bir araya gətirdiyi insanlar deyil, tarixi ilə, mədəniyyəti ilə, mədəniyyət dəyərləri ilə böyük bir millətin övladlarıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı deyib.

“Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Bu prosesdə Azərbaycan ilə paylaşdığımız müdafiə sənayesi məhsullarımızın uğuruna bütün dünya şahid olmuşdur. Müdafiə sənayesi məhsullarında gəldiyimiz səviyyə önəmlidir. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, həvəsinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir”, - deyə Türkiyə Prezidenti bildirib.

Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır: “Regional sülh və sabitlik üçün əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə olaraq güclü bir şəkildə dəstəkləyirik”.

Bölgəmizdə yeni bir səhifə açmaq vaxtının çatdığını qeyd edən Türkiyə Prezidenti deyib: “Hədəfimiz dayanıqlı sülhün təsis olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə möhkəm həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.