İQTİSADİYYAT
“Gənclərin məşğulluğu” yay istirahət düşərgəsinin iştirakçıları KOBİA-nın xidmətləri barədə məlumatlandırılıb
Bakı, 9 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Gənclərin məşğulluğu” adlı yay istirahət düşərgəsinin iştirakçıları üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən “Startaplar üçün dövlət dəstək mexanizmləri” mövzusunda təlim təşkil edilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılara dövlət dəstək mexanizmləri, o cümlədən agentlik tərəfindən göstərilən təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, bazarlara çıxışa dəstək mexanizmləri, özünüməşğulluq proqramı, könüllülük fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Təlimlərlə yanaşı, iştirakçılar üçün əyləncəli oyunlar, idman və bilik yarışları təşkil edilib, onlar Goranboy, Gəncə və Mingəçevirdə fəaliyyət göstərən zavod və fabriklərdə istehsal prosesi ilə tanış olublar.