CƏMİYYƏT
On heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 30-da agentliyin əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Bərdə, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar on heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, doqquz məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr haqqında məlumatı linkindən almaq olar.