SİYASƏT


Ayxan Hacızadə: Ermənistanın guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir

Ayxan Hacızadə: Ermənistanın guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir

Bakı, 29 noyabr, AZƏRTAC

Sülh müqaviləsinin hazırlanması ilə bağlı suala cavabında Ermənistanın xarici işlər naziri bütün digər məsələlər kimi manipulyasiyaya yol verir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri sülh müqaviləsinin hazırlanması barədə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh müqaviləsinin elementləri üzrə ilk layihənin Cenevrə görüşündə kim tərəfindən təqdim olunduğu, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələsinə aydınlıq gətirərdi və bununla daha dolğun mənzərə yaranardı.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Ermənistan tərəfinin birtərəfli qaydada guya Azərbaycana bütün mina xəritələrini verdiyi və ən çox minalanmanın Azərbaycan tərəfindən həyata keçirildiyi barədə tamamilə əsassız iddialara gəldikdə qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra, ilk 8 ay ərzində ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Bununla yanaşı, son mina partlayışlarının təqribən 55 faizdən artıq hissəsinin Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verməsi və müharibədən sonra 268 nəfərin mina qurbanı olması bəllidir. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan və keçmiş təmas boyu əraziləri tam olaraq minalayan Ermənistanın faktları təhrif edərək, guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir. Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan tərəfindən Ermənistanla sərhəd ərazilərdən çıxarılaraq nümayiş etdirilməsi iddiası isə ən azı minaların təmizlənməsi işinin delimitasiya olunmamış sərhəddə Ermənistanın hərbi mövqelərinin müşahidəsi altında həyata keçirilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, elementar məntiqə və hərbi biliklərə ziddir”, - deyə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.