MƏDƏNİYYƏT
Azərbaycan-Rusiya kitabxanalararası əməkdaşlığın inkişafı müzakirə olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Bakıdakı Rus evində Rusiya-Azərbaycan kitabxana forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Rusiya Dövlət İncəsənət Kitabxanasının direktoru Ada Kolqanova onlayn rabitə vasitəsilə çıxışında onun rəhbərlik etdiyi qurumun keçirdiyi görüşlər, səyyar sərgilər, virtual ekskursiyalar barədə söhbət açıb. O qeyd edib ki, müasir şəraitdə kitabxanaçılar yeni fəaliyyət növləri axtarıb tapmalı və istifadə etməli, təqdim olunan ənənəvi xidmətlərin keyfiyyətini yaxşılaşdırmalıdırlar. A.Kolqanova xarici ölkələrin kitabxanaları ilə fəal əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının informasiya şöbəsinin sektor müdiri Pərvanə Qurbanova iştirakçıların diqqətinə çatdırıb ki, Milli Kitabxana dünyanın 60 ölkəsi ilə kitab mübadiləsi aparır. O, kitabxananın oxuculara xidmətin göstərilməsindən, elektron resurslar, ənənəvi və elektron resurs növlərinin uyğunluğundan danışıb. “Azərbaycan Milli Kitabxanası elektron çatdırılma ilə də məşğuldur. Bu, kitabxananın abonentlərinə, eləcə də istifadəçilərinə ölkənin hər yerindən jurnal, qəzet, məcmu, kitab fraqmentlərinin elektron surətlərini sifariş vermək və əldə etmək imkanı yaradır”, - deyə P.Qurbanova əlavə edib.
Sonra Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda iştirakçıları kitabxananın layihələri, tətbiq olunan yeniliklər, aparıcı beynəlxalq təşkilatlar və xarici ölkələrin kitabxanaları ilə əməkdaşlıq barədə məlumatlandırıb.
Daha sonra forum iştirakçıları kitabxana xidmətlərinin inkişafı, layihələr və gələcək əməkdaşlıqla bağlı mühüm məsələləri müzakirə ediblər.
Forum çərçivəsində plenar iclas, eləcə də “Kitabxana fondunun inkişafı və qorunub saxlanması”, “Kitabxanaların fəaliyyətinin rəqəmsal transformasiyası” mövzularında dəyirmi masalar keçirilib.