REGİONLAR


Oğurladığı 23 min manatı gecə klublarında xərcləyən şəxs tutulub

Balakən, 9 dekabr, AZƏRTAC

Balakən rayonunun Tülü kəndində yerləşən evlərin birindən oğurluq edilməsi ilə bağlı rayon Polis şöbəsinə məlumat daxil olub. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan 12 min ABŞ dolları, 3 min manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək, həmin evə daxil olduğunu söyləyib. İlkin araşdırma zamanı müəyyən edilib ki, P.Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakı şəhərinə gedib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı paltar alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Pərviz Umudovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.