Mingəçevir Dövlət Universitetində qazilər və gənc fəallarla görüş keçirilib
AzerTAg.az
Bakı, 1 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı ilə birgə “Heydər Əliyev İli” və 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş görüş keçirib.
Görüşdə 44 günlük Vətən müharibəsində igidlik göstərmiş mingəçevirli qazilər, şəhər partiya təşkilatının fəal gəncləri, universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev görüşdə çıxış edərək Gənclər Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar. Qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın gənclər siyasəti hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün gənclərimizə bütün sahələrdə böyük etimad göstərilir və onların hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi dövründə yetişən gənclərimiz yüksək peşəkarlıq və vətənpərvərlik nümunələri ortaya qoyaraq, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi oldular. Bu gün ölkədə və dünyada Azərbaycan gənclərinin uğurlu fəaliyyəti, müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri qələbələr xalqımız tərəfindən böyük rəğbətlə və qürurla qarşılanır.
Diqqətə çatdırılıb ki, universitetdə “Heydər Əliyev İli” çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin mərkəzində gənclər dayanır. Eyni zamanda, 2023-cü il üçün Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsinin şəhər gənclərinin inkişafı və onların potensiallarının reallaşdırılması üçün geniş fürsətlər yaradacağı vurğulanıb və görüşün həm də bu istiqamətdə fikir mübadiləsi aparmaq məqsədi daşıdığı bildirilib.
Görüşdə çıxış edən qazilər və gənc fəallar göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. “Heydər Əliyev İli”ndə Mingəçevirin “Gənclər paytaxtı” elan edilməsinin böyük sevinc və qürur hissi doğurduğu bildirilib və bu seçim şəhər gənclərinə verilən dəyərin ifadəsi kimi qiymətləndirilib. Nəzərdə tutulan tədbirlərlə bağlı müvafiq təkliflərini səsləndirən gənc fəallar göstərilən etimadı layiqincə doğruldacaqlarına əminliklərini ifadə ediblər.
Sonra Azərbaycan Gəncləri Günü münasibətilə və YAP Mingəçevir şəhər təşkilatının fəaliyyətində göstərdiyi fəallığa görə bir qrup gənc təşəkkürnamə ilə təltif olunub.
Daha sonra tədbir iştirakçıları MDU-nun şəhid məzunlarına həsr edilən guşənin qarşısında qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.






Xəbərin mətnində orfoqrafik səhv var