SİYASƏT


Rafael Hüseynov: Avropanın nicatı ortaq dəyərlərə hörmətdə və müştərək layihələrdədir

Rafael Hüseynov: Avropanın nicatı ortaq dəyərlərə hörmətdə və müştərək layihələrdədir

Paris, 23 mart, AZƏRTAC

Martın 23-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilir. İclasda Azərbaycanı AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov təmsil edir.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın Komitə iclasında “Xatirə saytlarının rolu: anım yerləri və demokratik vətəndaşlıq üçün təhsil” mövzusunda məruzə müzakirə olunub. Məruzə ilə bağlı İspaniyadan xüsusi ekspert qismində Demokratik Yaddaş Mərkəzinin baş direktoru Dieqo Martin dəvət olunub.

Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bir sıra mühüm məqamlara diqqət çəkib. O, Parlament Assambleyasının Avropada ortaq tarix dərsliklərinin yaradılmasına dair hazırladığı qətnaməni xatırladaraq bildirib ki, vahid konsepsiya əsasında yaradılan dərsliklər gənc nəslin dünyagörüşünün formalaşmasında, demokratik düşüncəsinin yetkinləşməsində əvəzsiz rol oynaya bilər. Orta məktəblərdə milli tarixlə yanaşı, “Qədim dünya tarixi” və “Yeni Avropa tarixi” fənləri də tədris edilir. Milli tarix kitablarını hər ölkə öz istəyi və tələbləri çərçivəsində yarada bilər. Ümumavropa tarixi dərslikləri isə vahid konsepsiya əsasında yaradılmalıdır. Belə ortaq dərslik həm də keçmişə və xatirəyə ehtiramın daha məqbul modeli kimi qəbul edilə bilər. Eyni zamanda, belə dərsliklər Avropada ortaq, vahid təhsil məkanının formalaşmasına töhfə verə bilər.

İclasda münaqişələrin, qarşıdurmaların artdığı yeni dövrdə xalqları və ölkələri xeyirxah yaddaş üstündə kökləmək üçün səylərin artırılmasına dair müzakirələr aparılıb. Deputat Rafael Hüseynov bununla bağlı özünün də ziyarət etmiş olduğu Polşada İkinci Dünya müharibəsinə həsr edilmiş muzeyi xatırladaraq, orada müharibədən əvvəlki və sonrakı vəziyyətin eyni ekranda paralel nümayişinin önəmini vurğulayıb. Qeyd edib ki, həmin ekspozisiyaların fəlsəfəsi bu gün Avropa və dünya üçün çox mühümdür. Yaşadılan və hörmət edilən xatirə, bu ruhda tərbiyə edilən yaddaş, bu istiqamətdə öyrənilən və öyrədilən tarix dünyanı xilas edə bilər. Avropanın nicatı və gələcək inkişafı məhz ortaq dəyərlərə hörmətdə, müştərək faydalı layihələrə arxalanmaqdadır.

Komitədə Rafael Hüseynovun Avropada ortaq tarix dərslikləri ilə bağlı ideyasının hazırlanacaq qətnaməyə əlavə edilməsi qərara alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.