SİYASƏT
28 May - Respublika Günü Bratislavada da qeyd olunub VİDEO
Bratislava, 25 may, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislava şəhərində 28 May - Respublika Gününə həsr olunmuş qəbul keçirilib.
Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu tərəfindən Azərbaycan səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Slovakiyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Slovakiyanın dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, Bratislavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan həmyerlilərimiz iştirak ediblər.
Slovak Dövlət Filarmoniyasında baş tutan qəbulda Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov tədbir iştirakçılarına bu il 99-cu ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumat verib. Müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu diqqətə çatdıran səfir qısa mövcudluğu dövründə ölkədə ciddi siyasi və iqtisadi təməl üzərində müasir dövlətin təşkil olunduğunu, dünyəvi və demokratik dəyərlərə söykənən islahatlar və quruculuq işlərinin aparıldığını qeyd edib.
Bildirilib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyə yenidən qovuşan Azərbaycan qonşu dövlətin hərbi təcavüzü, ciddi iqtisadi böhran və ölkədə daxili hərc-mərclik ilə üzləşdi. Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişi ilə ölkənin başı üzərini alan təhlükələrin qarşısı alındı, qısa müddət ərzində Azərbaycan düzgün seçilmiş strategiya əsasında siyasi və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Bu gün bu strateji xətt ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan həm qonşu dövlətlər, həm də region ölkələri üçün etibarlı tərəfdaşa və təhlükəsizlik təminatçısına çevrilib. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh və əmin-amanlıq dəyərlərinin ilkin ünvanıdır, öz multikultural və tolerant cəmiyyəti ilə nümunəvi ölkədir. Ölkədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu Azərbaycanın multikulturalizm, beynəlxalq dialoq və dinlərarası anlaşmaya nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
Tədbirin bədii hissəsində Vyana Konservatoriyasının tələbəsi Mustafa Mehmandarovun təsisçisi, bədii rəhbəri və dirijoru olduğu “Xəzər virtuozları” kamera orkestri konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarlar Fikrət Əmirov, Aqşin Əlizadə, Dmitri Şostakoviç, Yohann Bramsın əsərləri səsləndirilib.
Slovak Filarmoniyasının foyesində istedadlı Azərbaycan rəssamı, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəri Aida Mahmudovanın “Landscaped” adlı fərdi sərgisi nümayiş olunub. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun əməkdaşı Dominika Fifikova tədbir iştirakçılarına Aida Mahmudovanın yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Bakıda dünyaya göz açan A.Mahmudova 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Onun “Umwelt”, “Elysium”, “Ötüb keçərkən...”, “Daxili sakitlik” adlı fərdi sərgiləri dünyanın müxtəlif şəhərlərində nümayiş olunub. Rəssamın yaradıcılığında rəngkarlıq və fotoqrafiyadan tutmuş video instalyasiyalarına qədər müxtəlif texnikalara rast gəlmək mümkündür. Rəsm silsilələrində A.Mahmudova bir sıra mövzularla yanaşı, xatirələr və nostalji hissləri araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. O, diqqətdən kənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin gözəlliklərini təsvir edir.
“Landescaped” rəssamın Slovakiyada nümayiş olunan ilk fərdi sərgisidir.
Sonda qonaqlara ziyafət verilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava