SİYASƏT
28 may - Respublika Günü münasibətilə Tallində qəbul təşkil edilib
Tallinn, 26 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən 28 may - Respublika Günü, habelə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə “Hilton Tallinn Park” mehmanxanasında qəbul təşkil edilib.
Əvvəlcə Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirilib.
Səfir Murad Nəcəfbəyli çıxış edərək 28 May – Respublika Gününün əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışıb. Qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dövlətçilik ənənələrinin bərpasında müstəsna əhəmiyyətə malik olub. Azərbaycanın dövlət quruculuğunda əldə etdiyi böyük nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verən səfir bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti parlament və çoxpartiyalı hökumətin, eləcə də bütün dövlətçilik atributlarının yaradılmasına nail olub. Şərqdə ilk dəfə olaraq, bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilib. Respublikanın müstəqilliyi 26 dövlət tərəfindən tanınıb, 19 dövlətlə isə diplomatik əlaqələr qurulub.
Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Buna baxmayaraq, ölkəmiz siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər əldə edib və bütün bunlar isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Səfir deyib ki, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkəmizin davamlı inkişafını təmin edir. Həyata keçirilən tədbirlər ümummilli lider Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin məntiqi davamıdır. Səfir müstəqil siyasət aparan Azərbaycanın son 26 il ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi göstərdiyini və regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də multikulturalizmə töhfə verdiyini qeyd edib.
Diplomat 2017-ci ilin Azərbaycan-Estoniya əlaqələri üçün əlamətdar olduğunu vurğulayıb, iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ilin aprelin 20-də qurulduğunu xatırladıb.
Tədbirdə, həmçinin çıxış edən Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Denis Borodiç dost ölkə olan Azərbaycanı Respublika Günü münasibətilə öz adından və ölkəsi adından təbrik edib.
Cari ildə Bakıda keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından bəhs edən D.Borodiç Estoniya nümayəndə heyətinin paytaxtımızda keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluqla xatırladıb.
D.Borodiç Estoniya və Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib, ötən il ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər nəticəsində ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
D.Borodiç Estoniyanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb, işğal olunmuş ərazilərin azad olunmasını və Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpasını arzu etdiyini və buna qısa müddətdə nail olunacağına əminliyini ifadə edib.
Ölkəmizdən dərin müsbət təəssüratlarla ayrıldıqlarını qeyd edən D.Borodiç Azərbaycanı gözəl, təhlükəsiz və inkişaf etmiş demokratik dövlət kimi xarakterizə edib.
Çıxışının sonunda, Denis Borodiç Azərbaycan xalqına rifah, tərəqqi və əmin-amanlıq arzu edib.
Rəsmi çıxışlardan sonra tədbir ziyafətlə davam edib.
Qəbulda Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb və digər hökumət üzvləri, Estoniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici İşlər Nazirliyinin təmsilçiləri, parlament üzvləri, Estoniya Elmlər Akademiyasının rəhbərliyi, Tallində akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, şirkət rəhbərləri, Estoniyanın milli televiziya və radio şirkətinin rəhbərliyi və əməkdaşları, aparıcı media qurumlarının nümayəndələri, jurnalistlər, alimlər, görkəmli ictimai və mədəniyyət xadimləri, iş adamları, o cümlədən Estoniyanın yəhudi, tatar, gürcü, litvalı və Azərbaycan icmalarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın mədəniyyətini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub, nəşrlər paylaşmış və Azərbaycan musiqisi səsləndirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn