31 MART FACİƏSİ QAN YADDAŞIMIZDIR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 1918-ci il martın 31-də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız azərbaycanlıların anım günü keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın rektoru, Əməkdar Elm Xadimi, professor Seyfəddin Qəndilov soyqırımın tarixindən, XX əsrin əvvəllərində erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Bakıda və bölgələrdə müsəlman-türk əhaliyə amansız divan tutmasından, talanlar törətməsindən danışmışdır.
Rektor bütün sahələrdə olduğu kimi dövlətimizin milli maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə etdiyini, məhz onun rəhbərliyi altında həyata keçirilən diplomatiyanın hazırda təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Firdovsiyyə Əhmədova, Elçin Əhmədov və digər natiqlər erməni siyasətbazları tərəfindən əsrlər boyu xalqımıza qarşı törədilən fitnələrdən danışmış, bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha böyük işlər görməyin vacibliyini vurğulamışlar.
Sonda tələbələr faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.