Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Agentliyin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə həyata keçirilməsini təmin etmək;
2.1.2. müvafiq sahənin inkişafının, rəqabət qabiliyyətinin artırılmasının və davamlı əlverişli mühitin formalaşdırılmasının dəstəklənməsində iştirak etmək;
2.1.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
2.1.4. müvafiq sahədə dövlət dəstəyi tədbirlərinin və mexanizmlərinin həyata keçirilməsi ilə bağlı işlər görmək;
2.1.5. müvafiq sahədə sahibkarların, o cümlədən investorların və ixracatçıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə tədbirlər həyata keçirmək;
2.1.6. müvafiq sahədə dövlət orqanları (qurumları) və sahibkarlar tərəfindən göstərilən xidmətləri əlaqələndirmək, dövlət orqanlarının (qurumlarının) sahibkarlara, o cümlədən investorlara və ixracatçılara vahid məkanda xidmət göstərmələrini təşkil etmək;
2.1.7. “G2B” (dövlət–biznes) xidmətlərinin inkişaf etdirilməsində, keyfiyyətinin artırılmasında, habelə vahid “G2B” (dövlət–biznes) elektron reyestri əsasında göstərilməsinin və şəffaflığının təmin olunmasında iştirak etmək;
2.1.8. sahibkarların, o cümlədən investorların və ixracatçıların maarifləndirilməsi və potensialının gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
2.1.9. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin fəaliyyətini əlaqələndirmək;
2.1.10. müvafiq sahədə beynəlxalq və regional iqtisadi əməkdaşlığın inkişafına dəstək göstərmək;
2.1.11. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
3.1.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının, dövlət dəstəyi tədbirlərinin və mexanizmlərinin hazırlanmasında iştirak etmək və normativ hüquqi aktlarla müəyyən edildiyi halda həyata keçirilməsini təmin etmək;
3.1.3. müvafiq sahədə rəqəmsallaşmanın təşviqində, rəqəmsal reyestrlərin formalaşdırılmasında və rəqəmsal təhlil sistemlərinin yaradılmasında iştirak etmək;
3.1.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra ̶ KOB subyektləri) rəqabətqabiliyyətliliyinin artırılması, o cümlədən qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi məqsədilə təhlillər aparmaq və onların əsasında dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;
3.1.5. KOB subyektlərinin inkişaf mərhələləri (startap, erkən inkişaf, genişlənmə, ixrac və s.) üzrə təsnifləşdirilməsini həyata keçirmək və hər bir seqment üçün hədəfli dəstək proqramları formalaşdırmaq;
3.1.6. vahid səlahiyyətli qurum qismində xarici investorların yerli bazara daxil olması, uyğunlaşması və fəaliyyətinin genişləndirilməsi üzrə xidmətlər göstərmək və müvafiq tədbirləri həyata keçirmək;
3.1.7. potensial investorların müəyyənləşdirilməsi, investisiyaların, o cümlədən prioritet sektorlar və hədəf bazarlar üzrə investorların cəlb edilməsi istiqamətində tədbirlər görmək;
3.1.8. investisiya təşəbbüslərinin, biznes layihələrinin və ixrac fəaliyyətinin həyata keçirilməsi vəziyyətini sistemli şəkildə təhlil etmək, onların reallaşdırılmasına mane olan amilləri müəyyən etmək və aradan qaldırılması ilə bağlı Nazirliyə aidiyyəti üzrə təkliflər təqdim etmək;
3.1.9. investisiya qoyuluşlarının genişləndirilməsi, reinvestisiya imkanlarının təşviqi və investisiya sonrası müşayiət xidmətlərinin göstərilməsi üzrə tədbirlər həyata keçirmək;
3.1.10. sahibkarlıq subyektlərinin, o cümlədən ixracatçıların institusional inkişafını dəstəkləmək, onların sahəvi assosiasiyalarda, ittifaqlarda və digər özünütənzimləyən təşkilatlarda birləşməsini təşviq etmək, həmin təşkilatlarla əməkdaşlığı inkişaf etdirmək, habelə klaster əməkdaşlığının inkişafına və klasterlərin səmərəli fəaliyyətinin dəstəklənməsinə kömək göstərmək;
3.1.11. müvafiq sahədə beynəlxalq təşkilatlar, xarici dövlətlərin aidiyyəti qurumları, qlobal şəbəkələr, ikitərəfli və çoxtərəfli biznes şuraları və ticarət palataları ilə əməkdaşlığı və fəaliyyətin əlaqələndirilməsini təmin etmək, bu çərçivədə mütərəqqi beynəlxalq təcrübənin tətbiqinə dəstək göstərmək;
3.1.12. yerli sahibkarlıq subyektlərinin regional və qlobal dəyər zəncirlərinə inteqrasiyasını təşviq etmək, onların beynəlxalq istehsal və təchizat şəbəkələrində iştirakının genişləndirilməsi üzrə tədbirlər həyata keçirmək;
3.1.13. sahibkarlıq subyektlərinin, o cümlədən ixracatçıların ixtisaslı kadr ehtiyacının ödənilməsinə dəstək göstərmək, sənaye–təhsil əməkdaşlığı platformalarını inkişaf etdirmək və müvafiq sahədə insan kapitalının rəqabətqabiliyyətliliyinin artırılması üçün stimullaşdırıcı tədbirlər görmək;
3.1.14. sahibkarlıq subyektlərinin, o cümlədən ixracatçıların və startapların kreditlərə, investisiyalara, qrantlara, digər alternativ maliyyə resurslarına və dəstək kapitalına çıxışının asanlaşdırılması, maliyyə alətlərinin təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər vermək, yerli və xarici maliyyə institutları (maliyyə-kredit təşkilatları) ilə əməkdaşlıq etmək, habelə alternativ maliyyə mexanizmlərinin formalaşdırılmasında iştirak etmək;
3.1.15. Azərbaycan Respublikası üzərindən beynəlxalq ticarətin və logistika fəaliyyətinin sahibkarlar üçün sadələşdirilməsi, əlçatanlığının artırılması və daha əlverişli biznes mühitinin yaradılması məqsədilə Nazirliyə təkliflər vermək və müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
3.1.16. gənclər, qadınlar, əlilliyi olan şəxslər və sosial baxımdan həssas digər əhali qrupları arasında sahibkarlıq fəaliyyətini təşviq etmək və inklüziv biznes təşəbbüslərini dəstəkləmək;
3.1.17. regionlarda iqtisadi aktivliyin artırılmasını, yerli resursların dövriyyəyə cəlb edilməsini, regional klasterlərin yaradılmasını və sahibkarlıq infrastrukturunun inkişafını dəstəkləmək, ağıllı ixtisaslaşma yanaşmasını tətbiq etmək;
3.1.18. müvafiq sahədə daxili və xarici bazar konyunkturunu təhlil etmək, strateji proqnozlaşdırma aparmaq və tətbiq edilən dəstək mexanizmlərinin sosial-iqtisadi təsirini təhlil etmək, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair normativ hüquqi aktların, habelə onların layihələrinin KOB subyektlərinin, ixracatçıların və investorların fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsini aparmaq;
3.1.19. qeyri-neft-qaz sektoruna investisiyaların cəlb edilməsini, digər dövlət orqanları (qurumları) ilə əlaqəli şəkildə ölkə üzrə mövcud investisiya aktivlərini əhatə edən dövlət informasiya ehtiyatının yaradılmasını və bunun investor sorğuları ilə əlaqələndirilməsini təmin etmək;
3.1.20. potensial xarici investorlarla sorğular keçirmək və həmin sorğuların nəticələrinin təhlili əsasında Nazirliyə təkliflər təqdim etmək;
3.1.21. yüksək əlavə dəyərli məhsulların (o cümlədən innovasiya məhsullarının) və xidmətlərin ixracının genişləndirilməsi, ixrac coğrafiyasının və məhsul çeşidlərinin şaxələndirilməsi üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
3.1.22. dövlət orqanlarının (qurumlarının) “G2B” (dövlət–biznes) xidmətlərinin vahid “G2B” (dövlət–biznes) elektron reyestrinə daxil edilməsi ilə bağlı rəy vermək, həmin xidmətlərin monitorinqində, qiymətləndirilməsində və reytinqinin müəyyənləşdirilməsində iştirak etmək, reyestrdən kənar göstərilən “G2B” (dövlət–biznes) xidmətlərinin ləğvi və ya reyestrə daxil edilməsi ilə bağlı təşəbbüsləri aidiyyəti üzrə təqdim etmək;
3.1.23. sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və dövlət dəstəyinin səmərəliliyini qiymətləndirmək və nəticələri barədə hesabatları Nazirliyə təqdim etmək, o cümlədən dövlət dəstəyinin səmərəliliyinin artırılması istiqamətində təhlillər aparmaq və onların nəticələri əsasında təklifləri Nazirliyə təqdim etmək;
3.1.24. KOB subyektləri, ixracatçılar və investorların rəyinin öyrənilməsi ilə bağlı tədbirlər görmək, mövcud problemlər və çatışmazlıqlar üzrə hesabatlar hazırlamaq, onların aradan qaldırılması ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;
3.1.25. beynəlxalq reytinqlərdə müvafiq sahə üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;
3.1.26. sahibkarların maraqlarının qorunması sahəsində səlahiyyətli qurum qismində onların müraciətlərinə baxmaq, problemlərinin çevik həlli ilə bağlı tədbirlərin görülməsini təmin etmək, dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, digər şəxslər qarşısında sahibkarların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran (pozan) qərarlar, hərəkət və ya hərəkətsizliklə bağlı məsələ qaldırmaq, sahibkarların fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrin həlli üçün müvafiq tədbirlər görülməsini təmin etmək;
3.1.27. sahibkarlıq subyektlərinin, habelə startapların klasterlər, sənaye və texnologiya parkları, xüsusi iqtisadi zonalar, sənaye məhəllələri, aqroparklar, biznes inkubatorları və digər dəstək infrastrukturları sahəsində fəaliyyətinə dəstək göstərilməsində və əlaqələndirməsində iştirak etmək;
3.1.28. “yaşıl KOB”-ların (ətraf mühitə mənfi təsirin azaldılması, resurs səmərəliliyi və dayanıqlı istehsal prinsiplərini tətbiq edən “KOB” subyektləri), qeyri-neft-qaz sektoruna yaşıl investisiyaların (ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və resurs səmərəliliyinin artırılmasına yönələn investisiyalar), resurs səmərəliliyini və aşağı karbonlu istehsalı təşviq edən layihələrin cəlb olunmasına, habelə investisiya təşəbbüslərinin dayanıqlılıq və beynəlxalq ekoloji, sosial və korporativ idarəetmə yanaşmalarına uyğun inkişafına dair təklifləri Nazirliyə təqdim etmək və aidiyyəti tədbirləri əlaqələndirmək;
3.1.29. KOB subyektlərinin, ixracatçıların və investorların fəaliyyəti ilə bağlı normativ hüquqi aktlar barədə izahedici və məlumatlandırıcı yenilikləri media vasitəsilə mütəmadi olaraq təqdim etmək;
3.1.30. xarici ölkələrdə Azərbaycan Respublikasında istehsal olunan məhsulların və yerli biznes maraqlarının təşviqi məqsədilə ticarət evlərinin, biznes əlaqələndirmə platformalarının və digər institusional təmsilçilik mexanizmlərinin yaradılması barədə Nazirliyə təkliflər vermək, diaspor təşkilatları, beynəlxalq biznes şəbəkələri ilə və xarici tərəfdaş qurumlarla əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək;
3.1.31. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək;
3.1.32. qeyri-neft-qaz məhsulları üzrə idxal-ixrac əməliyyatlarına dair statistik məlumatları aidiyyəti dövlət orqanlarından (qurumlarından) əldə etmək, həmin məlumatlar əsasında təhlillər və monitorinqlər aparmaq, qeyri-neft-qaz ixracına dair dövri analitik icmallar hazırlayaraq dərc etmək;
3.1.33. sahibkarlıq subyektlərinin məhsuldarlığının artırılması, biznes proseslərinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya, innovasiya idarəetməsi və beynəlxalq standartlara uyğun institusional inkişafı istiqamətində metodoloji, məsləhət və əlaqələndirmə dəstəyi üzrə tədbirlər görmək;
3.1.34. innovativ KOB subyektlərinin müəyyən olunmasını və inkişafını, onların texnoloji yeniliklərdən faydalanma bacarıqlarının artırılmasını dəstəkləmək, innovasiya fəaliyyətinin inkişafı məqsədilə texnologiyalar parklarının, innovasiya mərkəzlərinin və digər texnoloji infrastrukturların imkanlarını KOB subyektləri arasında təşviq etmək;
3.1.35. təhsil, elm, investisiya və istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, təhsil müəssisələrinin, eləcə də dövlət və özəl araşdırma təşkilatlarının innovasiya infrastrukturundan KOB subyektlərinin faydalanması, sənaye və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi üçün tədbirlər görmək;
3.1.36. özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı tədbirlər görmək, habelə bu məqsədlə elm və təhsil müəssisələri ilə əməkdaşlıq edərək birgə proqramların həyata keçirilməsini, onlarla KOB subyektləri arasında əməkdaşlığın təşkilini təmin etmək;
3.1.37. KOB subyektlərinin, investorların və ixracatçıların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təlim, seminar, konfrans və digər tədbirləri, həmçinin məsləhət xidmətlərinin göstərilməsini, onların beynəlxalq mübadilə proqramlarında iştirakını təşkil etmək, bu məqsədlə biznes inkubatorlarının, biznes akseleratorlarının və biznesə dəstək mərkəzlərinin yaradılması istiqamətində tədbirlər görmək;
3.1.38. dövlət orqanlarının (qurumlarının) KOB subyektlərinə, ixracatçılara və investorlara vahid məkanda xidmət göstərmələrini təşkil etmək, əlaqələndirmək və xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçirilməsinə nəzarət etmək, göstərilən xidmətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirmək;
3.1.39. KOB subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmlərinə dair Nazirliyə təkliflər vermək;
3.1.40. KOB subyektlərinin, investorların və ixracatçıların inkişafına, fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə yaradılan işçi qruplara, komissiyalara dövlət orqanlarını (qurumlarını), aidiyyəti təşkilatları cəlb etmək, yaradılmış işçi qruplar və komissiyalar arasında əlaqələndirməni həyata keçirmək;
3.1.41. donor və qeyri-hökumət təşkilatları ilə, həmçinin beynəlxalq proqramlar üzrə əməkdaşlığı əlaqələndirmək, birgə təşəbbüsləri dəstəkləmək, onların təsirini təhlil etmək və gələcək əməkdaşlıq istiqamətləri üzrə təklifləri Nazirliyə təqdim etmək;
3.1.42. vahid səlahiyyətli qurum qismində ölkə daxilində və xaricdə prioritet sahələr üzrə beynəlxalq və yerli biznes tədbirlərinin (forum, sərgi və digər təşviq tədbirləri, işgüzar görüşlər və digər analoji platformalar) planlaşdırılmasını, təşkilini və əlaqələndirilməsini, habelə bu çərçivədə hədəf investorların və tərəfdaşların cəlb olunmasını, “B2B” (biznes – biznes) və “B2G” (biznes – dövlət) görüşlərinin təşkilini təmin etmək;
3.1.43. biznesi təmsil edən birliklərin inkişafına dəstək olmaq məqsədilə təklifləri Nazirliyə təqdim etmək və tədbirlərin həyata keçirilməsini təmin etmək;
3.1.44. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.1.45. normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək;
3.1.46. müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.1.47. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.48. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.49. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.50. Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə, o cümlədən vəzifələrini yerinə yetirmək üçün ayrılan büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
3.1.51. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
3.1.52. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.1.53. Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.54. müvafiq sahədə inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun tədbirlər görmək;
3.1.55. müvafiq sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;
3.1.56. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, fəaliyyət istiqamətləri üzrə əldə edilən büdcədənkənar vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.57. Agentliyin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi işini təşkil etmək;
3.1.58. müvafiq sahə üzrə statistik uçot aparılmasını təmin etmək;
3.1.59. Agentlikdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;
3.1.60. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.1.61. Agentlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;
3.1.62. inzibati icraata dair fəaliyyətini “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydaları daxilində və prinsiplər əsasında həyata keçirmək;
3.1.63. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentlik yanında İctimai Şura yaradılmasını təmin etmək;
3.1.64. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, səfərbərlik hazırlığının və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
3.1.65. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Agentliyin hüquqları
4.1. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
4.1.1. müvafiq sahədə hüquqi akt layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
4.1.2. müvafiq sahədə islahatlar aparılmasına dair Nazirliyə təkliflər vermək;
4.1.3. Azərbaycan Respublikasının investisiya və ixrac potensialının, habelə Agentliyin fəaliyyətinin ölkə daxilində və beynəlxalq səviyyədə təşviqi məqsədilə “Enterprise Promotion” brendindən istifadə etmək, o cümlədən kommunikasiya vasitələrində Agentliyi bu adla təqdim etmək;
4.1.4. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək;
4.1.5. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
4.1.6. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.7. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
4.1.8. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;
4.1.9. normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək;
4.1.10. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;
4.1.11. xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək;
4.1.12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə aparılan yoxlamalarda müşahidəçi kimi iştirak etmək;
4.1.13. sahibkarların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran (pozan) hərəkətlərin dayandırılmasının dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, digər şəxslərdən tələb edilməsi ilə bağlı Nazirlik qarşısında məsələ qaldırmaq;
4.1.14. vətəndaşlara xidmət, sosial innovasiya, habelə sahibkarlara, o cümlədən investorlara və ixracatçılara dəstək istiqamətində mövcud infrastruktur və şəbəkədən əlaqələndirilmiş şəkildə istifadə etmək;
4.1.15. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
4.1.16. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
4.1.17. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
4.1.18. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilən direktor (bundan sonra – direktor) rəhbərlik edir. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.2. Direktorun Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən, direktorun təqdimatı əsasında, vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır. Direktorun müavinləri onlara direktorun həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.3. Direktor:
5.3.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.2. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.3.3. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür;
5.3.4. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, regional bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir, habelə Agentliyin struktur bölmələrinin əsasnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq edir;
5.3.5. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına qanunla müəyyən olunan əlavələrin və digər ödənişlərin verilməsini təmin edir;
5.3.6. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər verir;
5.3.7. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.3.8. direktorun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.3.9. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;
5.3.10. Agentliyin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;
5.3.11. Agentliyin fəaliyyəti, o cümlədən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsi barədə rübdə bir dəfə Nazirliyə hesabat verir;
5.3.12. müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən Biznes Məşvərət Şurasının yaradılması barədə Nazirliyə təklif verir;
5.3.13. bu Əsasnamədə göstərilən və normativ hüquqi aktlara uyğun digər səlahiyyətləri həyata keçirir.
5.4. Direktor öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.
5.5. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.