TESAM rəhbəri: Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Əvvəllər dünya ticarətində məhsullar əsasən Qərbdə istehsal olunur və dünyaya satılırdı. Lakin bu gün Çin və Hindistanın iqtisadi cəhətdən inkişaf etməsi ilə dünya ikiqütblü bir sistemə doğru gedir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri (TESAM) İlyas Bozkurt söyləyib.
Onun sözlərinə görə, indi Şərqdə istehsal olunan məhsullar Qərbə, Qərbdə istehsal olunan məhsullar isə Şərqə doğru daşınır.
“Məhz böyükhəcmli ticarət məhsullarının daşınması zamanı Orta Dəhliz – yəni quru yolu ilə daşımalar gündəmə gəldi. Bu dəhlizlə birlikdə Azərbaycan bir anda dünyanın ən mühüm ölkələri sırasına daxil oldu. Çünki dünya ticarətinin 20 faizi quru yolu ilə həyata keçirilir və bu 20 faizin təxminən 15 faizinin məhz Orta Dəhliz vasitəsilə daşınması gözlənilir. Bu isə hər il Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələrinə və dünyanın digər istiqamətlərinə çox ciddi həcmdə yük daşınması deməkdir. Nəticədə Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır”, - İ.Bozkurt əlavə edib.