Xorvatiyada Zəfər Günü qeyd edilib
Zaqreb, 4 noyabr, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən paytaxt Zaqreb şəhərində 8 Noyabr-Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzviləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, habelə ölkənin elm, təhsil, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın və Xorvatiyanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsindən bəhs edən videoçarxlar nümayiş olunub, qonaqların şərəfinə ziyafət verilib.
Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov uzun illər ərzində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edərək, bu siyasətin ağır humanitar nəticələri barədə məlumat verib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olduğunu qeyd edən səfir 8 Noyabr tarixinin xalqımızın milli qürur və həmrəylik rəmzinə çevrildiyini vurğulayıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi suverenliyinin tam bərpa edildiyini diqqətə çatdıran Anar İmanov müharibədən sonrakı dövrdə Azərbaycanın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərindən bəhs edib. O, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının bu istiqamətdə mühüm irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu xüsusda səfir Azərbaycanın regional kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də sülh prosesinin praktiki müstəvidə irəlilədilməsi istiqamətində atdığı addımlar barədə məlumat verib.
Çıxışda işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və bu prosesdə qarşıya çıxan əsas çətinliklərdən biri olan mina təhlükəsinə xüsusi diqqət yetirilib. Səfir bu kontekstdə Xorvatiyanın münaqişədən sonrakı bərpa, tarixi-mədəni irsin qorunması və minalardan təmizləmə sahəsindəki zəngin təcrübəsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edib, iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Hər iki ölkənin münaqişələrin ağır nəticələri, əhalinin doğma torpaqlarından didərgin düşməsi və müharibədən sonrakı bərpa prosesləri ilə bağlı oxşar tarixi təcrübəyə malik olduğunu qeyd edən səfir bu ortaq təcrübənin qarşılıqlı anlaşma, həmrəylik və Azərbaycan-Xorvatiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün zəmin yaratdığını diqqətə çatdırıb.
Sonda Cənubi Qafqazda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edən diplomat region ölkələri arasında əməkdaşlığa və qarşılıqlı faydalı münasibətlərə əsaslanan gələcəyə nail olunacağına ümidini ifadə edib.