Kamil Əliyev: “Ağıllı şəhər” konsepsiyasında vaxta qənaət mühüm amillərdən biridir VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Hazırda Bakıda 277 metr hündürlüyündə, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən hündür binalarından biri olan “Baku Tower”in tikintisi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bunu “PMD Group”un İnkişaf departamentinin rəhbəri Kamil Əliyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Rəqəmsal daşınmaz əmlak ekosistemi – banklar, developerlər və texnologiyaların inteqrasiyası” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
Kamil Əliyev qeyd edib ki, binanın yuxarı hissəsində quraşdırılan xüsusi dinamik söndürücü sistem güclü küləklər zamanı tikilinin hərəkətini tənzimləməyə və dayanıqlılığını qorumağa imkan verir.
“Müasir şəhərsalma, “ağıllı bina” konsepsiyalarında əsas məsələlərdən biri resurslara qənaət və onlardan səmərəli istifadədir. Bu baxımdan su təchizatı, kanalizasiya sistemləri, tullantı sularının təkrar istifadəsi və elektrik enerjisinə qənaət xüsusi əhəmiyyət daşıyır. “Ağıllı şəhər” konsepsiyasında vaxta qənaət də mühüm amillərdən biridir. Hazırda Bakının bəzi ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı insanların gündəlik həyatına və vaxtına təsir göstərir. Gələcək şəhərsalma yanaşmalarının əsas hədəflərindən biri insanların gündəlik ehtiyaclarını yaşadıqları ərazilərə yaxın məsafədə qarşılaya bilməsidir. “15 dəqiqəlik şəhər” konsepsiyası çərçivəsində iş yerlərinin, xidmət və sosial obyektlərin əlçatanlığının artırılması nəzərdə tutulur. Bu yanaşma sakinlərə gündəlik vaxtlarına qənaət etməyə, ailələrinə və övladlarına daha çox vaxt ayırmağa imkan verəcək”, - deyə Kamil Əliyev vurğulayıb.