Aktauda Zəfər Günü qeyd olunub
Astana, 6 noyabr, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir universitetin müəllimləri, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr və gənc fəalların iştirakı ilə açıq intellektual dərs formatında təşkil olunub.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin, eləcə də münaqişənin günahsız qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İştirakçılara 44 günlük Vətən müharibəsi, Şuşanın azad edilməsi və Qarabağ bölgəsində Böyük Qayıdış Proqramı çərçivəsində aparılan bərpa-quruculuq işləri haqqında sənədli videoçarx nümayiş etdirilib.
Azərbaycan Mərkəzi İctimai Fondunun direktoru, beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov çıxışında Azərbaycanın Zəfərinin tarixi-siyasi və beynəlxalq hüquqi əhəmiyyətindən danışıb. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və BMT Nizamnaməsinin 51-ci maddəsinə toxunaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda və Xəzər hövzəsində sülhün möhkəmlənməsi, eləcə də nəqliyyat-logistika dəhlizlərinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının professoru Eldar Cəfərov regional təhlükəsizlik məsələlərini, Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji əhəmiyyətini, həmçinin türk inteqrasiyası çərçivəsində iki ölkə arasında akademik və gənclər əməkdaşlığının rolunu təhlil edib.
Müzakirələrdə universitetin tələbələri, o cümlədən “Versal” diplomatik klubunun könüllüləri iştirak ediblər. Çıxış edənlər sülhün, qanunun aliliyinin və xalqlar arasında qarşılıqlı hörmətin vacibliyini vurğulayıb, Azərbaycanın quruculuq təşəbbüslərinə dəstək ifadə ediblər.
İştirakçılar bu cür tədbirlərin Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və tarixi yaddaşın qorunmasına töhfə verdiyini bildiriblər.