Lu Mey: Çin və Azərbaycan arasında minatəmizləmə əməkdaşlığı qlobal təhlükəsizliyə töhfə verir VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Çin və Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü Qlobal Təhlükəsizlik Təşəbbüsünün həyata keçirilməsi istiqamətində mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.
Diplomatın sözlərinə görə, Çin təkcə dörd qlobal təşəbbüsün müəllifi deyil, həm də onların praktiki həyata keçirilməsinin fəal tərəfdarıdır: “Qlobal Təhlükəsizlik Təşəbbüsü 130-dan çox ölkə və beynəlxalq təşkilat tərəfindən bəyənilib və dəstəklənib, onun əsas müddəaları isə 160-dan çox ikitərəfli və çoxtərəfli sənəddə öz əksini tapıb”.
Lu Mey qeyd edib ki, Çin və Azərbaycan beynəlxalq təhlükəsizliyin təşviqi çərçivəsində əməkdaşlığı inkişaf etdirir və minatəmizləmə sahəsində qarşılıqlı fəaliyyət xüsusi praktiki əhəmiyyət daşıyır.
Digər qlobal təşəbbüslərin həyata keçirilməsinin nəticələrindən danışan səfir bildirib ki, Qlobal İnkişaf Təşəbbüsünün irəli sürülməsindən ötən beş il ərzində 130-dan çox ölkə və beynəlxalq təşkilat bu təşəbbüs çərçivəsində əməkdaşlığa qoşulub. 23 milyard ABŞ dollarından çox vəsait səfərbər edilib, 1800-dən artıq layihə həyata keçirilib və 200 mindən çox mütəxəssis təlim keçib. Bu fəaliyyətin real nəticələrini 120-dən çox ölkənin əhalisi hiss edib.