Səyyarə İbadullayeva: Qarabağ florasının tam öyrənilməsi əsas məqsədlərimizdəndir VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Qarabağın flora və bitki örtüyünün öyrənilməsi, nadir və endemik bitki növlərinin müəyyənləşdirilməsi istiqamətində 2021-ci ildən indiyədək 30-dan çox elmi ekspedisiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva məlumat verib.
O bildirib ki, Zəfərin altıncı ildönümü ərəfəsində keçirilən “Azad ərazilərdə yaşıllıq siyasəti: çağırışlar və perspektivlər” forumu Qarabağın zəngin bitki aləminin dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forumda işğaldan azad edilmiş ərazilərdə görülən işlər, mövcud strategiya və gələcək tədqiqat istiqamətləri müzakirə olunur.
Professorun sözlərinə görə, Azərbaycanın florasında 5076 bitki növü mövcuddur və onların 2000-dən çoxu Qarabağ ərazisində yayılıb. Bu növlər arasında endemik, nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitkilər də var.
S.İbadullayeva qeyd edib ki, ekspedisiyalar zamanı ibtidai və ali bitkilər, göbələklər, meşələr, ağac və kollar, yolkənarı bitkilər, eləcə də mədəniləşdirilmiş və yabanı flora nümunələri ayrı-ayrılıqda tədqiq edilib. Aparılan araşdırmalar əsasında 2024-cü ildə Qarabağ florasına dair elmi nəşr hazırlanıb.
Direktor diqqətə çatdırıb ki, Botanika İnstitutunun 600 min nümunədən ibarət herbari fondu var. Onun 22 min nümunəsi rəqəmsallaşdırılıb. Rəqəmsallaşdırılmış materialların 500-ü Qarabağ florasına aiddir. Həmin nümunələrdən istifadə etməklə minalanmış ərazilərdə yayılan bəzi bitki növləri haqqında da məlumatlar əldə olunub.
O vurğulayıb ki, Qarabağın bütün ərazilərini tam şəkildə tədqiq etmək hələ mümkün olmayıb. Buna səbəb ərazidə minalanmış sahələrin mövcudluğudur. Minalar təmizləndikdən dərhal sonra həmin ərazilərdə yeni ekspedisiyaların təşkili və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi nəzərdə tutulur. Tədqiqatların nəticəsi əsasında Qarabağ florasına əlavələri və dəyişiklikləri əks etdirən yeni kitabın hazırlanması planlaşdırılır.
S.İbadullayeva ekspedisiyalar zamanı yeni bitki növlərinin, eləcə də bəzi bitkilərin yeni yayılma areallarının aşkar edildiyini bildirib. Xarici ekspertlərlə birgə aparılan araşdırmalar nəticəsində yalnız Qarabağda yayılan bitki növünün dörd nümunəsi müəyyənləşdirilib, bu barədə müvafiq hesabatlar hazırlanıb.
Direktorun sözlərinə görə, Qarabağ florasının tam öyrənilməsi ilə yanaşı, Azərbaycan florasının çoxcildliyinin hazırlanması da qarşıda duran əsas vəzifələrdəndir.
“Ömrümün qalan hissəsini Azərbaycan florasının 10 cildliyinin yazılmasına həsr etmək istəyirəm. Bu, mənim ən böyük arzumdur. Hesab edirəm ki, bu fundamental elmi əsəri hazırlayıb gələcək nəsillərə çatdırmasaq, onların qarşısında borclu qalmış olarıq”, – deyə S.İbadullayeva bildirib.