“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər VİDEO
Mingəçevir, 15 noyabr, AZƏRTAC
Oyunun çətin keçəcəyini gözləyirdik. Həndbolçularımız bacardıqlarını etdilər. Azarkeşlər də bizə dəstək oldular, təşəkkür edirəm.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Avropa Kubokunun III turu çərçivəsində Şimali Makedoniyanın “Çair” komandası ilə cavab qarşılaşmasında 21:32 hesabı ilə məğlub olan Mingəçevirin qadın həndbolçulardan ibarət “Kür” komandasının baş məşqçisi Fuad Yanqildin bildirib.
“İkinci oyunun ilk hissəsinin başlanğıcında müəyyən gərginlik hiss olunurdu. Ola bilsin, yaranan narahatlıq səbəbindən ilk dəqiqələrdən hesabda irəli çıxa bilmədik. Avropa Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazansaydıq, bu, uğurumuz olardı”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, komandalar arasında noyabrın 13-də keçirilən ilk qarşılaşma da Şimali Makedoniya təmsilçisinin 27:24 hesablı qələbəsi ilə başa çatmışdı. Hər iki oyunun nəticələrinə əsasən, “Kür” Avropa Kubokunda mübarizəni dayandırıb.
Müxbir – Vüsalə Cənnətova