AzTU-da əcnəbi tələbələrlə görüş olub
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2026/2027-ci tədris ilində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq təhsil proqramının əhəmiyyəti, universitetdə yaradılan təhsil imkanları və tələbələrin akademik inkişaf perspektivləri müzakirə olunub. Tələbələr universitetdə təhsil almaqla bağlı təəssüratlarını bölüşüb, ixtisasları üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, elmi və peşəkar fəaliyyətlərini genişləndirmək istiqamətində planlarından danışıblar.
Rektor Vilayət Vəliyev tələbələrin universitetin elmi və akademik mühitində fəal iştirakının vacibliyini vurğulayıb. O, həmçinin tələbələrin Azərbaycanda qazandıqları bilik və təcrübənin gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Əcnəbi tələbələr ilk dəfədir ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-da təhsil alırlar. Proqram çərçivəsində universitetə qəbul olunan tələbələr Sudan, Ekvador, Fil Dişi Sahili, Qambiya və Tanzaniya vətəndaşlarıdır.