Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq” VİDEO
Füzuli, 16 noyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və hər bir vətəndaşın Qələbə naminə fədakarlığını nümayiş etdirdi. Həmin günlərdə ön cəbhədə döyüşən hərbçilərlə yanaşı, arxa cəbhədə yaralı əsgərlərin həyatını xilas etmək üçün çalışan tibb işçiləri də üzərlərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirirdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Ruhəgiz Quliyeva müharibənin ilk günündən yaralı hərbçilərin müalicəsində iştirak edib.
“Müharibə başlayan gün Füzuli Rayon Mərkəzi Xəstəxanası olaraq ilk yaralıları qəbul etdik. Onların arasında çoxsaylı qəlpə yaraları alan, ağır travmatik-hemorragik şok vəziyyətində olan hərbçilər vardı. Biz həkimlər yaralılarımızın həyatda qalması üçün əlimizdən gələni edirdik. Rəhbəri olduğum şöbənin tibb işçiləri ilə birlikdə onların yenidən həyata bağlanması üçün bütün gücümüzü səfərbər etmişdik. Üç-beş saatlıq əməliyyatdan sonra ayılan əsgərlərimiz bizdən soruşurdular. “Həkim, mənim qardaşlarım necə oldu? Mən tez qayıdacağam? Yenidən cəbhə bölgəsinə, qardaşlarımın yanına gedə biləcəyəm?”. Biz də onlara deyirdik ki, sağalacaqsınız və yenidən silahdaşlarınızın yanında olacaqsınız”, - deyə Ruhəgiz Quliyeva bildirib.
Ruhəgiz Quliyeva müharibənin təxminən 15-ci günü baş verən bir hadisəni də xüsusi xatırlayır. Həmin vaxt əməliyyatda olarkən ona ağır yaralıların gətirildiyi bildirilib. Təcili aşağı düşən həkim ayağından yaralanmış bir əsgərlə qarşılaşıb: “Əsgər mənə dedi ki, “Həkim, yarama təcili sarğı qoyun, mən döyüş meydanına qayıtmalıyam”. Soruşdum ki, oğlum, yaralısan, niyə qayıtmaq istəyirsən? Dedi ki, orada elə bir hərbi qurğu var, ona mən cavabdehəm, mütləq qayıtmalıyam. Biz yarasını antiseptik vasitələrlə işləyib sarıdıq. Amma o, həmin gün xəstəxanada qalmadı, döyüşə qayıtdı. Belə hallarla çox qarşılaşırdıq”.
Şöbə müdiri ağır yaralı vəziyyətdə xəstəxanaya gətirilən bir mayorun xilas edilməsini də unutmur. Üç gün döyüş bölgəsində qalan hərbçi ilkin müdaxilədən sonra əməliyyata götürülüb. Ayıldıqdan bir neçə saat sonra həkimə söz verib ki, sağaldıqdan sonra mütləq onu görməyə gələcək.
“Bir neçə il sonra işçilərdən biri mənə dedi ki, “Həkim, sizi kimsə çağırır”. Reanimasiya şöbəsinin çıxışına yaxınlaşdım. Həmin mayor idi. Mənə dedi ki, “Həkim, siz məni həyata qaytarmısınız. Gəldim ki, sizə təşəkkür edim”. Belə qayıdıb bizi ziyarət edənlər olub. Biz həkim olaraq insanlara yenidən həyat bəxş etdiyimiz üçün böyük qürur hissi keçiririk”, - deyə Ruhəgiz Quliyeva söyləyib.
Həkimin sözlərinə görə, həmin günlərdə tibb işçiləri yorğunluq barədə düşünmürdülər: “Əsgərlərimiz yorulmurdu, dincəlmirdilər. Bizim də yorulmağa, dincəlməyə haqqımız yox idi. Onlar döyüş meydanında necə mübarizə aparırdılarsa, biz də burada onların həyatını xilas etmək üçün çalışırdıq”.
Ruhəgiz Quliyeva üçün müharibənin ən qürurverici anlarından biri yaralı əsgərlərin azad edilən ərazilərlə bağlı xəbərləri olub. O, reanimasiyada müalicə alan hərbçilərdən birinin Daşaltıdan gəldiyini və artıq Şuşaya yaxınlaşdıqlarını söyləməsini xüsusi həyəcanla xatırlayır.
“Əsgərlərimizdən biri mənə dedi ki, “Həkim, mən Daşaltıdan gəlirəm, biz artıq Şuşaya yaxınlaşmışıq”. O an keçirdiyim qürur hissini sözlə ifadə etmək çətindir. Mənim böyüyüb boya-başa çatdığım Dilağarda kəndi də işğal altında idi. Bir əsgərimiz mənə Dilağardadan gəldiyini dedi, kəndin qəbiristanlığının, orada dəfn olunan doğmalarının şəkillərini, türbəni göstərdi. Çox kövrəldim, eyni zamanda, böyük qürur hissi keçirdim. Hər kənd, hər şəhər azad olunduqca sevincimiz artırdı. Hər dəqiqə xoş xəbər gözləyirdik”, - deyə Ruhəgiz Quliyeva əlavə edib.
Ruhəgiz Quliyeva Füzuli rayonunda 2016-cı ilin Aprel döyüşləri zamanı da yaralı hərbçilərə tibbi yardım göstərib. Həmin dövrdə rayonun cəbhə xəttinə yaxın yerləşməsi səbəbindən tibb işçilərinin daim hazırlıqlı olduğunu bildirən həkim Vətən müharibəsində də bu təcrübədən yararlandıqlarını qeyd edib. O, 44 günlük müharibədə qazanılan Qələbəni xalqın, dövlətin və Silahlı Qüvvələrin birliyinin nəticəsi kimi dəyərləndirib: “Biz xalq olaraq bir orqanizm kimi fəaliyyət göstərdik. Xalqımız, dövlətimiz və Silahlı Qüvvələrimiz birləşdi, Ali Baş Komandanın rəhbərliyi ilə bu Qələbəni qazandıq. Fəxr edirəm ki, Azərbaycan dövlətinin vətəndaşıyam. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram”.
Müxbir-Aydın Yavərzadə