Zaur Əliyev: Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektor mütəxəssislərindən fərqli bilik və bacarıqlar tələb edir VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Aqrar sektor çox vaxt ənənəvi və konservativ bir sahə olaraq xarakterizə olunsa da, bu sektorda həm müasir yanaşma və texnologiyaların, həm də innovasiyaların tətbiqi son illərdə həm məhsuldarlıq artımına, həm də resurslardan səmərəli istifadəyə imkan yaradıb. Müasir suvarma sistemləri və texnologiyalar, həmçinin süni zəkaəsaslı həllərin tətbiqi sektorda məhsul istehsalı ilə yanaşı, əmək məhsuldarlığının da artımına öz töhfəsini verməkdədir.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev " Milli Məşğulluq Forumu 2026" tədbirində çıxış edərkən deyib. “Qabaqcıl texnologiyaların tətbiqi aqrar sektorda mütəxəssislərdən fərqli bilik və bacarıqlar tələb edir. Bu yeniliklər uzun illərdir aqrar sahədə çalışan kadrların peşə profillərinin dəyişməsini və mövcud səriştələrinin yenilənməsini zəruri edir. Aqrar sahə ölkəmizin iqtisadi inkişafı və ərzaq təhlükəsizliyi ilə yanaşı, məşğulluğun təmin olunduğu mühüm istiqamətlərdəndir. Belə ki, ölkə üzrə məşğul əhalinin 35%-dən çoxu bu sahədə çalışır və regionlarda aktiv iqtisadi fəaliyyətin yaratdığı dəyərin 50%-dən çoxu aqrar sektorun payına düşür. Bu göstəricilər sahənin məşğulluq baxımından əhəmiyyətini bir daha təsdiqləyir”, - deyə nazir müavini vurğulayıb.